Avstraliya saytı: Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk uğurlu demokratik dövlət idi
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman dünyasında ilk uğurlu demokratik dövlət olaraq meydana gəlmişdi.
Avstraliyanın “vibmedi.net.au” saytında Azərbaycanın Respublika Gününü 103-cü dəfə qeyd etməsinə həsr olunan məqalə yayımlanıb. Məqalədə bildirilib ki, parlament demokratiyasının və dünyəviliyin əsas prinsipləri üzərində qurulan, Azərbaycan xalqının müstəqillik əzmindən ilhamlanan AXC, dünyanın ən yaxşılarını – Avropanın demokratik dəyərlərini və Şərq mədəniyyətinin cazibəsini özündə birləşdirən yeni bir dövlət və cəmiyyət nümunəsi oldu.
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanovun müəllifi olduğu məqalədə deyilir: “Cəmi 23 ay yaşamasına baxmayaraq, ilk cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin təməllərini qurmaq və gələcək inkişaf yolunu müəyyənləşdirmək baxımından əhəmiyyətli idi”.
Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının və daha da əhəmiyyətlisi qadınlara seçki hüququnun verilməsinin respublikanın önəmli uğurları arasında olduğu və bu yolda Azərbaycanın dünyada ilk ölkələrdən biri kimi tanındığı məqalədə xüsusi vurğulanıb.
Qeyd edilib ki, xalqımız 1991-ci ildə yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrinə əsaslanan müstəqil bir Azərbaycan dövləti qurmağa nail olub. Xüsusilə, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev millətinə yeni bir ümid verdi və güclü iqtisadi inkişafa sahib müasir Azərbaycan dövlətinin əsasını qoydu.
Məqalədə deyilir: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam edir. Ölkədə siyasi, iqtisadi və sosial islahatlar davamlı şəkildə həyata keçirilir”.
Bildirilir ki, suveren hüquqlarını həyata keçirən müasir Azərbaycan bütün sahələrdə müstəqil siyasət yürüdərək dinamik bir ölkəyə çevrilib. Ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına fəal töhfələr verir, daxili və beynəlxalq səviyyədə tolerantlığı və multikulturalizmi təbliğ edir.
Azərbaycan Respublikası bu gün etibarlı beynəlxalq tərəfdaş, regional və qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələri infrastrukturunun təşəbbüskarı kimi tanınıb və bununla da bölgədə əsas investisiya təyinatlı ölkə rolunu qazanıb.
Bu illər ərzində Azərbaycan beynəlxalq çəkisini durmadan artıran Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünü öz üzərinə götürməyə nail olub.
2019-cu ildən bəri dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etmək Azərbaycan üçün beynəlxalq aləmdə daha bir uğur hekayəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a təsirli bir qlobal cavabı müzakirə etmək üçün Qoşulmama Hərəkatının ilk virtual zirvəsi baş tutub və Azərbaycan ehtiyac duyulan ölkələrə yardım edib.
Avstraliya ilə ikitərəfli əlaqələrə toxunan diplomatımız, Azərbaycanın Avstraliya İttifaqı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini söyləyib. Bildirib ki, hər iki ölkə daim inkişaf edən ikitərəfli münasibətlərdən, siyasi, humanitar, parlament əlaqələrindən, həmçinin güclü mənbələrə əsaslanan ticarət və investisiya əlaqələri də daxil olmaqla bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıqdan fayda götürür. Avstraliya şirkətləri Azərbaycanda enerji və inşaat sektorlarını dəstəkləyən xidmətlər göstərir, eyni zamanda, azərbaycanlı mütəxəssislər Avstraliyanın aparıcı enerji şirkətlərində çalışırlar.
Müəllif beynəlxalq hüququn dünya tərəfindən tanınmış norma və prinsiplərinə istinadla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini davamlı və qətiyyətlə dəstəklədiyinə görə Avstraliyaya minnətdarlıq ifadə edərək, iki ölkə arasında əlaqələrin qarşıdan gələn illərdə də inkişaf edəcəyinə, daha sıx xarakter alacağına əminliyini bildirib.
Məqaləyə ölkəmizin sürətli inkişafını və uğurlarını əks etdirən fotolar da əlavə edilib.