Yevlaxda pilot layihə çərçivəsində aqropark yaradılacaq
”İNFONEWS” xəbər verir.
İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı istehsalı və emalı ilə məşğul olmaq istəyən sahibkarları (fermerlər) “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlaxda yaradılması nəzərdə tutulan aqroparkda fəaliyyət göstərməyə dəvət edir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müasir infrastrukturla təmin olunacaq aqroparkda sahibkarlar öz biznesini qura və ya fəaliyyətini genişləndirə bilərlər. Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, o cümlədən texnika parkının, müxtəlif təyinatlı anbarların və sair inşası nəzərdə tutulur.
Aqroparkın ərazisində torpaq sahələri 20 hektaradək hissələrə bölünməklə müasir suvarma sistemi qurulacaq və bu torpaq sahələri sahibkarların istifadəsinə veriləcək. Bundan başqa, aqropark ərazisində bitkiçilik məhsullarının (bağçılıq, toxumçuluq üçün dənli bitkilər, tingçilik, istixana şəraitində tərəvəz bitkiləri və sair) əkini üçün sahələr yaradılacaq. Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcək.
Əlavə məlumatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektron poçt ünvanı ([email protected]) və (+99412) 488-80-65 (daxili 166 və 169) telefonlarla almaq olar.