“Uşaqlar günü” valideynlərə baha başa gəlib
“İNFONEWS” xəbər verir.
Dünən ölkədə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi. Uzun müddət pandemiya məhdudiyyətlərini yaşayan xalqımız bu bayramı xüsusi qoşqu ilə keçirdi.
Lakin balacalar üçün yalnız bu günün ödənişsiz olacağı əyləncə məkanları heç də pulsuz olmayıb.
Aldığımız məlumatlara əsasən deyə bilərik ki, uşaqlarını gəzməyə çıxaran əksəriyyət valideynlər dünənki günü peşman, əsəbi halda keçiriblər.
Atraksionlar, yelləncəklər, uşaqları cəlb eləyən bir-birindən maraqlı, gözoxşayan əyləncə qurğuları olduqca baha olub.
Bakı bulvarındakı qiymətlər isə validenylərin dili ilə desək “od tutub yandırıb”. Əyləncələrin qiyməti bir tərəfə, adi içməli suyun qiyməti 1 manata, marketlərdə 30 qəpik olan dondurma 2-3 manata və s. olub.
Təəssüf ki, qiymətlərin bahalaşması dünən gəzməyə çıxan bir çox ailənin uşaqlarının arzusunu gözündə qoyub, əyləncələrə, yeyəcəklərə kənardan baxmaqla qənaətləniblər. Bəzi ailələr isə uşaqlarını incitməmək, onlara verdikləri sözü tutmaq üçün ailə büdcəsinin xeyli hissəsini xərcləyiblər.
Ən azı 5 nəvəsini, yaxud bölgələrdən qonaq gələn qohumlarının övladlarını gəzməyə çıxaran və s. vətəndaşları düşünmək, özünü onun yerinə qoymaq lazımdır.