Məscidlərə kimlər buraxılacaq – QMİ-dən açıqlama
“İNFONEWS” xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.
İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.