Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə “İstanbul Meyhane Bilgah” restoranının sahibi cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “İNFONEWS”un bununla bağlı sorğusuna cavabında bildirib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub. Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulduğuna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb.
Obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.