Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Fariz Xəlilli Ağsu polisinin rəis müavini Vüsal Əliyevin onunla kobud davranışı və qanunsuz olaraq xuliqanlıqda ittiham etməsi iddiası ilə nazir Vilayət Eyvazova müraciət edib.
“INFONEWS” xəbər verir ki, F.Xəlilli Ağsu rayonunda yaradılacaq Zəfər parkı üçün təsis edilən şirkətə şəhid Kamran Quluzadənin atası Pərviz Quliyevin direktor təyin edilməsi üçün mayın 24-də şəhər mərkəzinə getdiklərini bildirib.
Maşından düşüb təxminən 20 metr uzaqlaşdıqdan sonra maska taxmağı unutduğunu və avtomobilə qayıdarkən polis əməkdaşının onu çağırdığını qeyd edib: “Polis əməkdaşı Zəka Şıxəliyevə yaxınlaşıb vəziyyəti izah etdim. Artıq gec olduğunu və protokol tərtib olunacağını dedi. Mən də yerində protokol tərtib edilməsini xahiş etdim. Çünki bir neçə saat sonra magistrlarımın dissertasiya hesabatında məruzəçi kimi çıxış etməli idim”.
F.Xəlilli həmin polisin protokolun yalnız idarədə yazılacağını deyib və sədr olduğunu bildikdən sonra bu barədə rəis müavini Vüsal Əliyevə məruzə edib: “Vüsal Əliyev “təcili onu bölməyə gətirin” əmri verdi. Polis maşını gəldi və məni polis idarəsinə gətirdilər. Telefonumu aldılar və tələbələrimə hesabata qoşula bilməyəcəyimi deməyə imkan vermədilər.
Qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq ifadələr işlətdi. Mən də onun özünə irad tutdum ki, siz maskasızsınız. Vüsal Əliyev əsəbiləşdi və əmr elədi, həbs olunsun. Məni ikinci mərtəbəyə gətirdilər, bütün polis əməkdaşları maskasız idi, hamısına irad tutdum.
Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O otağına əsəbi halda girir, çıxır, qapını çırpır, 510 və 535.1 əlavə olunsun deyirdi. Protokolda xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım.
Mənim haqqımda sənədləri topladılar və Ağsu şəhər məhkəməsinə göndərdilər. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi, 200 manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm”.
F.Xəlilli qeyd edib ki, bundan öncə də şəhid Kamran Quluzadənin dəfni zamanı Vüsal Əliyevin göstərişi ilə kəndin girişində post qurularaq anım mərasiminə gələnləri geri qaytarırmışlar. Onun təkidindən və Nazirlər Kabinetinin qərarını bildirdikdən sonra mərhum icra başçısı Vahid Tağıyevin xahişi ilə post yığışdırılıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, mayın 24-də ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ağsu RPŞ əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Fariz Xəlilli tibbi maskadan istifadə etmədiyi üçün qanunvericiliyin tələbləri ona izah edilib, barəsində protokol tərtib olunacağı bildirilib: “Buna baxmayaraq, F.Xəlilli polisin qanuni tələbinə məhəl qoymayıb. Bu səbəbdən həmin şəxs Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb”.