Sevinc Məhsimova: ƏLİLLİYİ OLAN TƏLƏBƏLƏRİN DİGƏR TƏLƏBƏLƏRLƏ BİRLİKDƏ EYNİ MÜHİTDƏ TƏHSİL ALMASINA, ONLARIN CƏMİYYƏTƏ TAM İNTEQRASİYASINA NAİL OLMUŞUQ
İNFONEWS-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Sevinc Məhsimovadır.
Qeyd edək ki, Sevinc Məhsimova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin rəhbəridir.
İNFONEWS: – Sevinc xanım, son illərdə ölkəmizdə inklüziv təhsil istiqamətində çox sayda işlər görülür. İnklüziv təhsil sadəcə əlilliyi olan insanlar üçün təhsildirmi? İnklüziv təhsil özündə hansı keyfiyyətləri birləşdirir?
Sevinc Məhsimova: – İnklüziv təhsili bəziləri, sadəcə, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan xüsusi təhsil kimi başa düşür. Belə deyim ki, bu cəmiyyət tərəfindən mənimsənilən fikirdir. Ancaq bu, yanlış fikirdir.
İnklüziv təhsil – bütün insanların müxtəlif təhsil ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. İnklüziv təhsil əlilliyi olan və olmayan bütün insanların, bütün gənclərin eyni təhsil haqqına malik olması, eyni mühitdə təhsil almaq haqqına sahib olması deməkdir. Bu, hər kəs üçün bərabərhüquqlu əlçatan təhsil imkanı deməkdir.
UNEC-də həmişə əlilliyi olan gənclər təhsil alıblar; bəziləri qiyabi formada, bəziləri əyani, hətta distant şəkildə də təhsil alan əlilliyi olan tələbələrimiz olub. Qeyd edim ki, biz bu istiqamətdə yeni çalışmağa başladığımızda 26 nəfər əlilliyi olan tələbə təhsil alırdı. Və əksəriyyəti hərəkət – əzələ məhdudiyyətli gənclər idi.
İNFONEWS: – İnklüziv Təhsil Mərkəzi nə vaxtdan fəaliyyət göstərir?
Sevinc Məhsimova: – Biz 2013-cü ildə Xəzər Universitetinin koordinator olduğu ERASMUS layihəsinə qatıldıq. Bu layihədə 6 partnyor universitet iştirak edirdi ki, hazırda UNEC-dən başqa respublikanın 5 universitetində də mərkəzlər açılıb. Lakin UNEC-də əlilliyi olan tələbələrin çoxluğu və rəhbərliyin bu qrup tələbələrə olduqca həssas yanaşması, bu istiqamətdə daim dəstək verməsi bizim daha effektiv işlər görməyimizə səbəb olub.
Qeyd edim ki, 2 oktyabr 2020-ci il tarixdə Mərkəzimizin rəsmi fəaliyyətinin 5 ili tamam oldu. Bu illər ərzində universitetimiz inklüziv təhsil üçün zəruri şəraitin təkmilləşdirilməsinə davam edir. Bu gün UNEC-də 80-dən cox müxtəlif əlilliyi olan tələbə təhsil alır. Elə tələbələrimiz var ki, onlar dərsə əlil arabasında gəlir, bəzi tələbələrin isə sağlamlıq problemi ilk baxışdan görsənmir. Həmçinin UNEC-də Qarabağ müharibəsi Qaziləri də təhsil alır.
Bir sözlə, əlilliyi olan tələbələrin digər tələbələrlə birlikdə eyni mühitdə təhsil almasına, onların cəmiyyətə tam inteqrasiyasına nail olmuşuq.
İNFONEWS: – İnklüziv Təhsil Mərkəzin əsas məqsədi nədir?
UNEC İnklüziv Təhsil Mərkəzinin əsas məqsədi UNEC-də əlilliyi olan tələbələr üçün təhsil imkanlarının artırılmasından və onların təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəz öz məqsədlərinə nail olmaq üçün əsasən 6 istiqamətdə fəaliyyət göstərir: 1) Maarifləndirmə işi; 2) Bütün tələbələr üçün tədris prosesinə və imtahanlara hazırlıqda davamlı psixoloji dəstək proqramlarının təşkil edilməsi; 3) Tədris vəsaitlərinın əlçatanlığının təmin edilməsi üçün müxtəlif layihələrin icrası; 4) Əlilliyi olan tələblərin elmi inkişafını nəzərdə tutan elmi fəaliyyətinə cəlb edilməsi; 5) Bu tələbələrin sosiallaşması üçün xüsusi proqramların həyata keçirilməsi və müvafiq şəraitin təmin edilməsi; 6) Məzunların işlə təmin edilməsi istiqamətində fəaliyyət.
İNFONEWS: – İnklüziv Təhsil Mərkəzində tələbələrə psixoloji xidmətlər haqqında vurğuladınız, buna daha geniş aydınlıq gətirə bilərsinizmi?
Sevinc Məhsimova: – Bəli. Bu ən vacib işlərdən biridir. Tələbələrin hər biri ilə fərdi söhbət aparılır. Onlarla görüşüb, problemlərini öyrənməyə çalışırıq.
Daha peşakar psixoloji dəstəyi təmin etmək üçün 13 dekabr 2019-cu ildə UNEC ilə Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzi arasında Əməkdaşlıq memorandumu imzalanıb. Həmin mərkəzin psixoloqları tələbələrlə danışır, onların psixoloji
durumunu müəyyənləşdirməyə yardım edirlər. Fürsətdən istifadə edərək, başda “Loqos” Mərkəzinin rəhbəri Təranə Paşayeva olmaqla, onun peşakar komandasına dərin təşəkkürlərimi bildirmək istəyirəm.
Daha bir vacib məqamı da qeyd edim ki, biz ilk gündən tələbələrin valideynləri ilə görüşlər təşkil edirik. Xüsusilə, I kurs tələbələrin valideynləri ilə tez-tez görüşürük. Sonrakı mərhələlərdə valideynlər öz övladlarının yeni tələbə mühitinə adaptasiya olduğunu görüncə, övladlarının əmin əllərdə olduğunu hiss edincə, Mərkəzin fəaliyyətinə güvənirlər. Bəzən isə tələbələrdən çox onların valideynlərinin psixoloji dəstəyə ehtiyacı olur ki, onlara da Mərkəzimiz öz yardımını əsirgəmir.
İNFONEWS: – İzləyicilərimizə İnklüziv Təhsil Mərkəzi layihələri haqqında danışardınız.
Sevinc Məhsimova: – Bugünədək çoxsaylı işlər həyata keçirmişik. 2014-cü ildən mütəmadi olaraq müəllimlərə təlimlər keçirilir. Bu təlimlərdə əlilliyi olan və olmayan tələblərlə bir yerdə tədris prosesinin əsas metodikası izah edilir. Eyni zamanda tələbələrə də maarifləndirici təlimlər, seminarlar keçirilir.
2015-ci ildə İnklüziv Təhsil Mərkəzinin fəaliyyətini genişləndirmək üçün tələbələrdən ibarət könüllülər qrupu yaradılıb ki, qrupun rəhbəri Nicat Muradlıdır. Məhz könüllülərin dəstəyi ilə əlilliyi olan tələbələr həm UNEC-də təşkil edilmiş, həm də respublika səviyyəli tədbirlərdə fəal iştirak ediblər. Hazırda Nicat Muradlı məzun olmasına baxmayaraq, indi də öz dəstəyini Mərkəzimizdən əsirgəmir, hər zaman yanımızdadır. Ümumiyyətlə, başda “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyev olmaqla, bütün könüllü tələbələrə təşəkkür edirəm, onların köməyi olmasa, qarşıya qoyduğumuz məqsədləri yerinə yetirmək çətin olardı.
2016-cı ildən RadioUNEC-də “İnklüziv Təhsil” həftəlik radio-veriliş yayımlanmağa başlayıb. Hər bir veriliş xüsusi diqqətlə hazırlanır; Proqramlarda əlilliyi olan respublikanın məşhur iş adamları, idmançılar, dövlət qurumlarında çalışan rəhbərlər, sənətçilər və s. dəvət olunur. Eyni zamanda radio-verilişlərdə gənclər üçün maarifləndirmə işi də davamlı aparılır.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Mərkəzimizə daima dəstək göstərir və Nazirlik tərəfindən təşkil olunmuş bütün tədbirlərdə UNEC-də təhsil alan əlilliyi olan tələbələr iştirak edirlər. UNEC-in əlilliyi olan tələbələri Milli Məclisdə Nazirlik tərəfindən təşkil olunmuş görüşdə olub və öz problemlərini millət vəkillərinə söyləyiblər.
Bu illər ərzində həm ölkə daxilində, həm də xaricdə çox sayda konfransda iştirak etmişik. Bir çox təşkilatlarla görüşlər keçirilib, müqavilələr, əməkdaşlıq memorandumları imzalanıb.
UNEC İnklüziv Təhsil Mərkəzi olaraq, 2018-ci ilin fevralında “İnklüziv ali təhsil: Beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirdik. Konfransda inklüziv ali təhsil üzrə xarici ölkələrdən mütəxəssislər iştirak edirdi. Respublikamızdan da xeyli sayda aparıcı mütəxəssislər bu konfransa qatılmışdı. Konfrans çərçivəsində təşkil edilmiş 2 günlük ixtisaslaşmış təlimlərdə 120 müəllim iştirak etdi.
Həmçinin, “Danışan əllər” adlı maarifləndirici seminarlar keçirilib. Seminarların məqsədi eşitmə və danışma məhdudiyyətli şəxslərə işarət dilinin öyrədilməsi, onlarla davranış qaydası, məhdudiyyətsiz mədəniyyətə yiyələnmək, işarət dilinin tarixi və mahiyyəti haqqında məlumat vermək olub.
2018-ci il 21 dekabrda Təhsil Nazirliyinin təşkil etdiyi II Ümumrespublika Tələbə Qurultayında UNEC-in I qrup əlilliyi olan tələbəsi uğurla çıxış edib.
Eləcə də UNEC-in əlilliyi olan tələbəsi “Mənim ölkəm, mənim gələcəyim” essesi ilə qatıldığı “Ekspo 2025 Bakı” layihəsində 3-cü yerə layiq görülüb.
Britaniya Konsulluğu ilə sıx əməkdaşlığımız var. Bir sıra möhüm layihələr həyata keçirilib. Məni Britaniya Konsulluğunun təşkilatçılığı ilə “Əlilliyi olan gənclərin peşə hazırlığı” layihəsinə məsləhətçi-mütəxəssis olaraq dəvət ediblər və hazırda onların bütün tədbirlərində iştirak edirəm.
Bu söylədiklərim Mərkəzin fəaliyyətinin çox balaca hissəsidir. Bizim həyata keçirdiyimiz layihələrlə bağlı geniş məlumatları universitetimizin rəsmi www.unec.edu.az saytının İnklüziv Təhsil Mərkəzi bölməsindən, həmçinin rəsmi FACEBOOK səhifəsindən əldə edə bilərsiniz.
İNFONEWS: – Sevinc xanım, çox maraqlıdır, əlilliyi olan gənclər hansı ixtisaslar üzrə təhsil alırlar?
Sevinc Məhsimova: – UNEC-də müxtəlif əlillikləri olan və sağlamlıq imkanları məhdud olan gənclər təhsil alır. Və hamısı da istədikləri ixtisasları seçiblər. Biznesin idarə edilməsi, Dizayn, İqtisadiyyat, Qida mühəndisliyi, Ekologiya, Maliyyə, Mühasibatlıq və digər müxtəlif ixtisaslar üzrə, deyərdim ki, çox yaxşı oxuyurlar.
Burda bir vacib məsələ haqqında da danışmaq istəyirəm. Bizim məqsədimiz əlilliyi olan tələbələrə sadəcə ali təhsil vermək deyil. Mərkəz tələbənin universitetdən sonrakı həyatını, onun gələcəyini də düşünür. Biz tələbələrimizin əmək fəaliyyəti,
kariyerası ilə bağlı da planlar qurur, bu istiqamətdə konkret iş aparırıq, UNEC Karyera Mərkəzi, Təcrübənin təşkili şöbəsi ilə birgə çalışırıq. Biz məzunlarımızın ixtisası, bilik və bacarığına uyğun olaraq bütün şirkətlərlə əməkdaşlıq edir, onlar üçün iş imkanlarını araşdırırıq. Qürurla deyə bilərəm ki, UNEC-in əlilliyi olan məzunları digər universitetlərin məzunlarına baxanda daha tez iş tapırlar. Yaxın gələcəkdə bu sahədə fəaliyyətimizi daha da genişləndirmək, əlilliyi olan tələbələrimizin məşğulluq probleminin həlli yolları istiqamətində daha ciddi addımlar atmaq niyyətindəyik.
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, ƏƏSMN-nin dəstəyi ilə əlilliyi olan gənclər üçün Ümumrespublika Əmək Yarmarkasını keçirdi. Bu əmək yarmarkasında 60-a yaxın qurum müxtəlif vakansiyalar təqdim etdi. Şübhəsiz, ki, bu cür tədbirlər əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsində əvəzsiz rol oynayır. Sözü gedən Əmək Yarmarkasında 1200-dən cox əlilliyi olan şəxs iştirak etdi.
Eyni zamanda, yarmarka işverənlərin əlilliyi olan gəncləri işə qəbul etmək üçün hazır olmadığını və bu insanlar üçün əlçətan, müəyyən iş yerlərinin olmadığını göstərdi, bu sahədə olan bütün problemləri üzə çıxartdı. Və məhz bu Əmək Yarmarkası, demək olar ki, böyük dəyişikliklərə və tərəqqiyə təkan oldu ki, nəticədə sistematik maarifləndirmə işləri, təşkil olunan tədbirlər, həmçinin bütün qanunların və standartların yenidən baxılmasına səbəb oldu. Sonrakı illərdə respublika rəhbərliyi tərəfindən qəbul olanan sərəncamlar, qanunlarda dəyişikliklər və s.buna ən gözəl nümumədir.
Son iki ildə 12 nəfər əlilliyi olan UNEC məzunu işlə təmin olunub. Əvvəlki illərə görə bunun yaxşı nəticə olduğunu düşünürəm.
Hal-hazırda təhsil alan tələbələrimiz şirkətlərin təqdim etdiyi təcrübə proqramlarında iştirak etmək imkanı əldə ediblər. “Gilan Holdinq”, “Norm”, “Veysəloğlu”, “Deloitte”, SOCAR AQŞ, AZERSUN Holding və s. şirkətlər də bir neçə əlilliyi olan məzunumuzu işə qəbul edib. Sevindirici haldır ki, bütün rəsmi qurumlar, dövlət müəssisələri əlilliyi olan şəxsləri işə qəbul edir, onların məşğulluq probleminin həllinə yardımçı olurlar.
Bundan başqa Mərkəzimizdə tələbələrinin korporativ sektora informasiya turları təşkil edilir. Məsələn, əlilliyi olan tələbələrimiz Veysəloğlu Şirkətlər Qrupunun “Ulduz” Şokolad fabrikində istehsalat prosesilə yaxından tanış olublar. Bu tədbirlər praktiki bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır.
İNFONEWS: – İnklüziv təhsildə əhəmiyyətli olan təhsil resursları haqqında nə deyə bilərsiniz?
Sevinc Məhsimova: – Universitetin bütün tədris binalarında UNEC Kitabxana İnformasiya Mərkəzinin kitabxanaları, eləcə də həftənin 7 günü 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası öz zəngin resursları, davamlı yenilənən e-bazaları ilə tələbələrin xidmətindədir.
Həmçinin UNEC-in İnklüziv Təhsil Mərkəzində Brayl printer var. Və lazım olanda görmə məhdudiyyətli tələbələri materiallarla təmin edir. Mərkəzdə audio-kitablar fondu var. Bu fondun zənginləşməsi istiqamətində bu il yeni bir layihəyə start verdik. Layihə çərçivəsində universitetin bütün akademik heyəti zəruri tədris ədəbiyyatını, dərs mühazirələrini səsli formatda oxuyaraq, audio-sənədə çevirib. Əminəm ki, qısa zaman kəsiyində daha çox könüllü bu layihəyə cəlb ediləcək. Çünki bu iş olduqca maraqlı və yetərincə faydalıdır. Mən özüm “Ekologiya” dərsliyini səsləndirmişəm. İndi ikinci kitab üzərində çalışıram.
İNFONEWS: – “Əlillik” kimi ciddi bir məsələyə necə yanaşaq? Sizin kimi təcrübəli inklüziv təhsil ekspertindən nə məsləhət ala bilərik?
Sevinc Məhsimova: – Cəmiyyətin bu məsələdə məlumatlandırılması və maarifləndirilməsi prosesinin bütün TV kanallarda həyata keçirilməsinə ehtiyacı var. Bu verilişlər bütün kanallarda olmalı, xüsusilə reklam aralarında əlilliyi olan şəxslər və onlara münasibətlə bağlı sosial çarxlar göstərilməlidir. Əsasən də axşamüstü, vətəndaşların televiziya qarşısına yığışdığı vaxtlarda bu cür video çarxların göstərilməsi faydalı olar.
Televiziyada, sosial şəbəkələrdə, hər bir qurum, təşkilat, təhsil ocağı, ya da işdə – hər yerdə bu məsələyə daha çox diqqət yetirilməsi cəmiyyətin hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından zəruridir və ümid edirəm ki, yaxın gələcəkdə biz bu sahədə daha genişmiqyaslı müsbət dəyişikliklərə şahid olacağıq.
İNFONEWS: – İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti sadəcə universitetin daxili imkanları əsasında təmin edilir, yoxsa Mərkəzə kənardan hansısa maliyyə dəstəyi də mövcuddur?
Sevinc Məhsimova: – UNEC İnklüziv Təhsil Mərkəzi universitetin bir struktur bölməsidir. Mərkəzimiz univertsitetin nəzdindədir və biz bütün fəaliyyətimizi universitetimizin daxili hesabına təmin edirik. UNEC rektoru, professor Ədalət Muradovun vurğuladığı kimi, inklüziv təhsil UNEC-in prioritet məsələlərindən biridir. Bir daha qeyd etmək istərdim ki, başda hörmətli rektorumuz olmaqla, bütün universitet rəhbərliyi, bütün tələbə təşkilatları Mərkəzimizə dəstək göstərir.
Tezliklə “UNEC İnklüziv Fond”u fəaliyyətə başlayacaq. Düşünürəm ki, fondun yaradılması işlərimizi asanlaşdıracaq, əlilliyi olan tələbələrə daha da çox dəstək verə, onlara daha geniş təhsil imkanları təqdim edə biləcəyik. Onların İkili diplom proqramlarında da iştirakını təmin edə biləcəyik.
Sonda Sevinc Məhsimovadan “Niyə gənclər UNEC-i seçir?” sualını verməyi nəzərdə tutmuşduq, amma düşünürük ki, buna ehtiyac heç qalmadı.
İNFONEWS komandası adından bizə zaman ayırıb, belə bir həssas mövzuya aydınlıq gətirdiyi üçün Sevinc Məhsimovaya təşəkkür edir, gördüyü işlərdə davamlı uğurlar arzulayırıq