Kitabxana növbəti məlumat bülletenini təqdim edib
“İNFONEWS” xəbər verir.
Respublika Gənclər Kitabxanası Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş növbəti məlumat bülletenini izləyicilərinə təqdim edib
“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın
şanlı qələbəsi kimi qalacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Heç şübhəsiz ki, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı.
Təbii ki, Respublika Gənclər Kitabxanası olaraq bizim qarşımızda böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli –mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək,öz qəhrəmanlarını tanımaq və tanıtmaq kimi ali bir vəzifə durur. Məhz bu məqsədlə, Respublika Gənclər kitabxanası “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Vətən yolunda canından keçən oğullarımızın əziz xatirəsini yad etmək, onların keçdikləri odlualovlu döyüş yolu və gənclərə örnək həyatları barəsində informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə hər ay yubiley yaşı tamam olan Milli Qəhrəmanlar və Vətən Müharibəsi Qəhrəmanları haqqında məlumat bülleteni hazırlayıb oxuculara təqdim edir. Kitabxananın tərtib etdiyi növbəti Məlumat bülleteni (2021, №7) Azərbaycanın ərazi bütövlüyü uğrunda I Qarabağ müharibəsi dövründə böyük igidliklə vuruşaraq Milli Qəhrəman adına layiq görülmüş Kərimov Kərim Məhəmməd oğlunun anadan olmasının 50, Zülfüqarov Samir Xəlil oğlunun 45, Hüseynov Sadıq Dayandur oğlunun 60 illiyi münasibətilə hazırlanıb. Müharibəyədək fərqli tale yaşayan bu qəhrəmanların döyüş meydanında göstərdikləri qəhrəmanlıqları xalqımız heç vaxt unutmayacaq . Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən foto şəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer almışdır.
Onu da qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bulletenləri hazırlamaq fikrindədir. İstifadəçilər sözügedən məlumat bülleteninə http://ryl.az/files/qehremanlar_unudulmur.pdf linki vasitəsilə baxa bilərlər.