“ABAD”ın qida məhsulları Qazaxıstana ixrac edilir
“İNFONEWS” xəbər verir.
“ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları Turan Özbahçeci Group layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə Qazaxıstana ixrac edilməyə başlayıb. İlk öncə məhsullar Qazaxıstanın Aktau şəhərində Grandmart supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb.
“ABAD”-dan verilən məlumata görə, Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürrəbbələr – badımcan, qarpız, heyva, qoz, zoğal və s., “ABAD”çı Məmmədlilər ailə təsərrüfatının badımcan kürüsü, Nəcəfovlar ailəsinin tərəvəz konservaları, Səbzəliyevlər ailəsinin küncüt yağı və kokos unu, İsmayılovlar ailəsinin “Xəmsə” çayları, Həsənovlar ailəsinin “Narlı” sousları, Paşayevlər ailəsinin qarabaşaq və düyü unları kimi məhsullar təqdim olunur. Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının ixracı gözlənilir.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “İdeyadan rəflərə”dək verilən dəstək əsnasında iki istiqamətdə olan – dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı – “ABAD”çı məhsulları müvafiq olaraq “ABAD” etno-butikləri və müxtəlif marketlər şəbəkələrində yerləşən “ABAD” stendlərində satışa çıxarılır.