Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının məktubu
“İNFONEWS” xəbər verir.
Bu günlərdə Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatından Azərbaycan Milli Kitabxanasına məktub daxil olub.
Milli Kitabxanadan bildirilib ki, daxil olan məktubda kitabxananın 2019-cu il üçün hesabatı nəzərdən keçirilərkən bu qurumun ictimaiyyətlə əlaqəsi və ictimaiyyətin kitabxanaya cəlb edilməsi, habelə informasiya resurslarının toplanması məqsədilə həyata keçirdiyi yüksək səviyyəli layihələrin müsbət təcrübə kimi qiymətləndirildiyi qeyd olunub. Bu səbəbdən Azərbaycan Milli kitabxanasının bu sahədəki fəaliyyətinin digər Avropa kitabxanaları ilə bölüşməsi və onlar tərəfindən öyrənilməsi tövsiyə olunub.
Buna görə də CENL-in bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasının ictimaiyyətlə əlaqələri və ictimaiyyətin kitabxanaya cəlb olunması, yaxud da kitabxana fandreyzinqi sahəsindəki fəaliyyəti barədə təcrübəsini digər CENL üzvləri ilə bölüşmək məqsədilə əsas məruzəçi kimi çıxış etməsi tövsiyə olunub. Azərbaycan Milli Kitabxanasından əsas məruzəçi təyin olunması barədə xahiş olunub.
Burada Milli Kitabxananın kitabın və mütaliənin təbliği, ictimaiyyətin kitabxanalara cəlb olunması istiqamətində həyata keçirdiyi tədbirlər – kitab təqdimatları və kitab müəllifləri ilə görüşlər, ənənəvi və virtual kitab sərgiləri, 7 gün və 24 saat ərzində fəaliyyət göstərən “Açıq kitabxana” tərəfindən keçirilən rəngarəng tədbirlər, kitabın və ədəbiyyatın təşviqi məqsədilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan 80-dən artıq fundamental biblioqrafiyalar və digər layihələr, ölkə ərazisində nəşr olunan bütün çap məhsullarında pulsuz məcburi nüsxələrin toplanması, ayrı-ayrı nəşriyyatlarla aparılan kitabtoplama işləri, habelə digər ölkələrin milli və universitet kitabxanaları ilə aparılan aktiv fəaliyyət və bu istiqamətdə həyata keçirilən tədbirlər əsas meyar kimi nəzərə alınıb.
Milli Kitabxananın informasiya resurslarının toplanması və fandreyzinq sahəsində fəaliyyəti qiymətləndirilərkən Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə Heydər Əliyev Fondunun fəal dəstəyi ilə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının rəqəmsal (digital) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiq hesab olunub. Belə ki, 2019-cu ildə Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə, Məhəmməd Füzuliyə, Nəsrəddin Tusiyə, Xəqani Şirvaniyə, Sahib Təbriziyə və digər klassik şairlərimizə mənsub olan və bu və ya digər səbəbdən vaxtilə xarici ölkələrə daşınan 58 qiymətli əlyazmanın rəqəmsal nüsxələri ölkəmizə gətirilərək kitab şəklində çap olunaraq mütəxəssislərin istifadəsinə verilib.
“Nizami Gəncəvi İli” çərçivəsində bu il həmin layihə üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Nizami Gəncəvinin dünyanın müxtəlif kitabxana və muzeylərində mühafizə olunan 200-ə yaxın qiymətli əlyazmalarının rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi təmin olunub. Hazırda bu əlyazmaların ən qiymətlilərinin üzərində işlər aparılır və ilin sonunadək onların elektron məlumat bazası ictimaiyyətə təqdim olunacaq.
Bütün bunları nəzərə alaraq CENL katibliyi bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasını əsas məruzəçi kimi çıxış etməyə dəvət edib.
Azərbaycan Milli Kitabxanası tərəfindən CENL-in bu ilin payızında keçiriləcək vebinarında əsas məruzəçi kimi kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təyin olunub.