Estoniya Prezidenti:Bu insanları qorumaq bizim öhdəmizə düşür
“İNFONEWS” xəbər verir.
Estoniyanın vəzifəsi bir vaxtlar hərbçilərimizə yardım edən əfqanlara əl tutmaq və onların ölkəmizdə sığınacaqla təmin edilməsindən ibarətdir.
Estoniya mətbuatının məlumatına görə, bu sözləri Estoniya Prezidenti Kersti Kalyulayd söyləyib.
“Son günlər Əfqanıstan ilə bağlı video görüntüləri izləmək dözülməz dərəcədə ağırdır. Ümidin necə tükənməsi, qorxu və xaosun necə artması təhlükəsiz yaşamaq haqqı olan insanların hamısına qüssə gətirir” – deyə Estoniya dövlət başçısı bildirib.
Estoniya Prezidenti Kersti Kalyulayd Əfqanıstanda son günlərdə və saatlarda baş verən hadisələrə toxunaraq ölkədə xeyli sayda insan həyatının təhlükə altında olduğunu, orada Estoniyanın da qoruduğu dəyərləri bölüşənlərin dünyasını dəyişdiyini qeyd edib.
Estoniya dövlət başçısı vurğulayıb: “Bu insanları qorumaq və onlara yardım üçün əlimizdən gələni etmək borcumuzdur və bizim öhdəmizə düşür. Estoniya bu gün üçün BMT Təhlükəsizlik Şurasında bu mövzuda iclas keçirib və bu mövzunu Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarımızla müzakirə edir. Bu barədə danışmaq adama ağır gəlir. Mövcud xaosdakı vəziyyəti qısa zaman ərzində düzəldə biləcək beynəlxalq səviyyədə həll yolu tapmaq hələlik çətindir”.
“Lakin bizim daha qəti məsuliyyətimiz var: Estoniya dövlətinin məsuliyyəti. Bizimlə əməkdaşlıq etdiyi üçün həyatları təhlükə altında olan insanların etibarlı sığınacaqlarla təmin olunmaları üçün əlimizdən gələni etməliyik. Əgər onlar Əfqanıstanı tərk etməyə nail olsalar, biz onlara Estoniyada da təhlükəsiz sığınacaq təklif etməliyik. Bu, bizim onların qarşısında borcumuzdur”, – deyə Kersti Kalyulayd əlavə edib.