Azərbaycan beynəlxalq sərgiyə “Fəxri qonaq ölkə” kimi qatılıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Azərbaycan Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində fəaliyyətə başlamış Çin-Avrasiya sərgisində “Fəxri qonaq ölkə” statusunda iştirak edir.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən builki sərgi onlayn formatda keçirilir. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizin 25 şirkətinin 200-dən çox məhsulu sərgiyə çıxarılıb. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalça nümunələrimiz həm 3D, həm də 2D formatda nümayiş olunur. Bundan başqa, vahid ölkə stendində Azərbaycanın əlverişli biznes və sərmayə mühiti, tranzit-nəqliyyat potensialı və turizm resursları da təqdim olunur.
Avqustun 29-dək davam edəcək sərgi çərçivəsində Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının Sincan-Uyğur Muxtar Rayonuna ixracına dair danışıqların aparılması məqsədilə şirkətlər arasında ikitərəfli görüşlər də keçiriləcək.
Qeyd ki, bu, ölkəmizin Çin-Avrasiya sərgisində 3-cü iştirakıdır. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların Çinə ixracının genişləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bura Çinin müxtəlif şəhərlərində Azərbaycanın ticarət evlərinin açılması, təşkil olunan sərgilərdə iştirak, Çinin marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışının təşkili daxildir. Çində təşkil olunan nüfuzlu sərgilərdə mütəmadi iştirak Azərbaycan məhsullarının Çin bazarında təşviqi mexanizmində vacib rol oynayır. Bundan başqa, Ticarət Nümayəndəliyi ticarətin təşviqi, məhsullarımızın tanıdılması, satış kanallarının genişləndirilməsi, yeni tərəfdaşların tapılması və bazarın araşdırılması istiqamətində fəaliyyətini genişləndirir.