“İNFONEWS”-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Gülnar Əliyevadır.
Qeyd edək ki, Gülnar xanım ən maraqlı sahənin – bu gün bütün dünyada trend olan əl işlərinin mahir ustasıdır.
İNFONEWS: – Müasir dünyamız ziddiyyətlərlə doludur; bu gün bir tərəfdən innovasiya və texnologiyaların yüksək inkişafını, digər tərəfdən isə əl işlərinə artan marağı izləyirik. Gülnar xanım, bəs bu həvəs Sizdə nə vaxt yaranıb?
Gülnar Əliyeva: – Əl işlərinə marağım uşaqlıq illərindəndir. Həmişə özüməməxsuz əl işləri hazırlamışam. Ailə qurduqdan sonra bu sahəyə olan marağımı övladlarıma da aşılamağa çalışdım. Elə o zamandan əl işlərinə həvəsim daha da artmağa başladı.
İNFONEWS: – Əl işlərinizi əsasən hansı materiallardan, hansı bəzək əşyalarından hazırlayırsınız?
Gülnar Əliyeva: – Hər bir əl işini hazırlamağa başlayanda mütləq balacaları, uşaqları nəzərə alıram. Rəngli, zərli, parlaq, gözoxşayan materiallar, müxtəlif növ qaşlar seçirəm. Əksər hallarda isə quruduşmuş gül və meyvələr, ədviyyatlar, eləcə də süni çiçəklərdən istifadə edirəm.
İNFONEWS: – Həvəskar işlərinizdən ciddi nailiyyətlərə necə keçid etdiniz?
Gülnar Əliyeva: – Zaman keçdikcə əl işlərimin yaxınlarım, tanışlarım tərəfindən bəyənildiyini gördüm. Qeyd edim ki, hədiyyə etdiyim əl işlərimin sevilməsi bu sahəni daha geniş araşdırmağa, internet üzərindən məlumatlar, yeniliklər toplamağa və gördüyüm işlərlə ciddi məşğul olmağa təkan verdi.
Özümə əminliyimi artırmaq, əl işlərimi tanıtmaq istəyi ilə @Niels_gift İnstagram səhifəsini açdım. Qısa zaman kəsiyində əl işlərimi bəyənən, hətta sifariş edən izləyicilər mənə yazmağa başladılar.
İNFONEWS: – Gülnar xanım, sifariş qəbul etmisinizmi?
Gülnar Əliyeva: – Bəli. Səhifəmin izləyicilərinin mənə davamlı yazmağı, əl işlərimin necə və haradan əldə edə biləcəkləri haqqında soruşmaları məndə satış həvəsini oyatdı.
İlk sifariş qəbul etdiyim əl işimi unutmayacağam. Çünki ilk dəfə çəkdiyim əziyyətimə qarşılıq olaraq, heç vaxt tanınadığım sifarişçi tərəfindən xoş sözlər eşitdim və qürurlandım.
İNFONEWS: – Gülnar xanım, hansı əl işinizi heç kimə vermərsiniz?
Gülnar Əliyeva: – Sonuncu əl işim Qələbə günü münasibəti ilə hazırladığım buta formalı Azərbaycan bayrağı yaxa aksessuarıdır.
Bu iş mənə çox əzizidir; 44 günlük Vətən müharibəsi dövründə keçirtdiyim gərginlik, həyəcan və sevinc hissələri içərisində ərsəyə gələn bu əl işimi, nəinki satmaq, heç kimə verə bilmərəm. Həm də düşünürəm ki, o, hər işimdə mənə uğur gətirəcəkdir.
İNFONEWS: – Maraqlıdır, hər əl işinin hazırlanmasına nə qədər zamanınız gedir?
Gülnar Əliyeva: – @Niels_gift Instagram səhifəmə heç gözləmədiyim və planlamadığım bir vaxtda Yeni il ilə bağlı əl işlərimi televiziya ekranında nümayiş etdirmək və veriliş əsnasında bəzi aksessuarlar hazırlamaq təklifi gəldi. Təklifi qəbul edib, canlı yayima qatıldım. Öncədən hazırladığım Yeni il aksesuarları verilişdə nümayiş edildi. İki saata yaxın sürən çəkiliş zamanı daha 4 aksessuar hazırladım. Qeyd edim ki, veriliş bitdikdən sonra gələn təbriklər, söylənən xoş sözlər mənə stimul oldu.
İNFONEWS: – Gördüyünüz işlərlə bağlı gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
Gülnar Əliyeva: – Yuxarıda söylədiyim kimi, bu sahədə hələ ilk addımlarımı atmağa başlamışam və ətrafımdakı insanların, eləcə cə izləyicilərimin bu işlərimi dəyərləndirməsi məni çox sevindirir və gələcəkdə görəcəyim işlərə bir daha həvəsləndirir. Ən əsası isə odur ki, mən sevdiyim, zövq aldığım işlə məşğulam, ona görə də uğurlarıma əminəm.
İNFONEWS: – Gülnar xanım, bizə zaman ayırdığınız üçün Sizə təşəkkür edir, yaradıcı işlərinizdə davamlı uğurlar arzulayırıq.