Ədəbiyyatdan namələr:”…yanar daim anan nari-fərağında”- İkinci namə

“İNFONEWS” – un Ədəbiyyatdan namələr” layihəsini davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:

 

İkinci namə:

ÖĞULLARININ İTKİSİNƏ ÜSYAN EDƏN ANA – XAN QIZI

Xurşudbanu Natəvan əsl Azərbaycan xanımı kimi nəzər-diqqətimizi xüsusi olaraq cəlb edir. Onun əlimizdə olan portreti tipik Qarabağ gözəlinin əksidir: ay kimi parlaq gözoxşayan siması, dərin, mənalı gözləri, xilqətindən ox kimi çəkilmiş qaşları, incə burnu və ən əsası Azərbaycan xanımına məxsus ağız nahiyəsinin ipək örpəklə yaşmağı.Tanrı onu gözəl yaratmışdı, lakin taleyini kəm vermişdi… “Gözəlin baxtı olmaz” deyimi yadıma düşdü. Yaxud da, “Qızıl taxtın olunca, qızıl bəxtin olsun” deyərlər…Şairənin öz təbirincə desək,

Nə mən olaydım, ilahi, nə bu aləm olaydı!

Nə də bu aləm ara müqəyyədi-qəm olaydı!

 Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm kor!

 Nə ruzigar fəraqində qamətim xəm olaydı!…

1832-ci ildə Qarabağ xanı Cavanşir sülaləsindən olan Mehdiqulu xanla Cəncə xanı Cavad xanın nəvəsi Bədircahan Bəyimin qanuni nigahından yeganə övladı və rəsmi varisi dünyaya gəlir. Qarabağ xanı Mehdiqulu xana 50 yaşında ata xoşbəxtliyini yaşadan ilk və son övlad Xurşudbanu Natəvan idi. Hər iki tərəfdən xanlıq şəcərəsinə sahib olduğu üçün yüksək təhsil-təlim görmüş, zəmanəsinin görkəmli alimlərindən xüsusi dərs almış, fars dilini mükəmməl öyrənmiş, klassik Şərq ədəbiyyatına yaxından bələd olmuşdur. Qarabağın füsunkar təbiətində ailə nəvazişi ilə böyüyən qız illər keçdikcə öz istedadı, yazdığı şeirlər, çəkdiyi rəsmlər, toxuduğu xalçaları ilə hamını heyran etmişdir. Xurşudbanunun qayğısız, xoşbəxt yaşamı çox uzun çəkmir. 1845-ci ildə atası Mehdiqulu xan ov zamanı atdan yixilaraq ölür. Atasını itirəndə onun cəmi 13 yaşı var idi. Həyatında baş verən bu acı hadisə onun taleyini sanki öz axarından çıxardıb başqa istiqamətə yönəldir. Onun varlığı, gələcək həyatı Qarabağ xanlığının gələcəyinə, siyasətinə məcburi olaraq köklənir. Çünki xanın oğul övladı yox idi. Arxiv materialları göstərir ki, yeganə övlad Xurşudbanu olduğu üçün kimə ərə getsə, o şəxs Qarabağa köçüb yaşayacaqdır və belə olan təqdirdə xanın mülklərinin qızına keçməsi ilə bağlı hökümətdən icazə almaq mümkün olacaqdır. Sözsüz ki, burda Qarabağ bəylərinin də öz maraqları var idi. Bu haqda V.Quliyev qeyd edir ki, hətta xanın sağlığında bu məsələ ilə bağlı razılığa gəlmişdilər: “Onlar da sırf siyasi məqsədlərlə, gələcəyi göz önünə alıb nikah məsələsinə çox ciddi maraq göstərirlər. Məqsəd ondan ibarətdir ki, sonuncu yerli xanın nəsli kəsilməsin. Əgər oğlu yoxdursa, kürəkəninə, yaxud nəvələrinə arxalanmaq mümkün olsun. Ən tədbirli Qarabağ bəyləri belə fikirdədilər ki, daim özlərindən kimsə onların başının üstündə olsun. Bu adamlara xanın İranda böyüyən, Rusiyanın qüdrəti, yaxud rus himayəsi altında olmağın faydası haqqındakı fikirlərə şübhə ilə yanaşan qohumlardan bir varis lazımdır. Rusların təsiri altında dəyişmiş,  düşüncələrində və adət-ənənələrə münasibətində ruslara bənzəyən varis nə Mehdiqulu xanın özünü, nə də Qarabağ bəylərini təmin edir”…

Nəhayət, Xurşudbanu Natəvan çar knyazı qumuq əsilli Xasay xan Usmiyevlə məcburən, könülsüz ailə qurur və bir müddət Tiflisdə, Bakıda səfərlərdə olsa da, əsasən Şuşada yaşamağa üstünlük verir. Bu izdivacdan oğlu Mehdiqulu və qızı Bikə bəyim dünyaya gəlir. Bəzi mənbələrdə göstərilir ki, uzun müddət övladı olmayan Xurşudbanu Tiflisdə müalicə almış, sonra Bibiheybət pirinə pənah aparıbmış.  Məşhur fransız yazıçısı və səyyah Aleksandr Düma “Qafqaz” əsərində bu haqda məlumat yazmışdı: “Məscid övladı olmayan qadınların ziyarət yeridir. Onlar bura ayaqyalın gəlir, dua və nəzir-niyaz edir, bir il ərzində arzularına çatırlar. Birlikdə nahar etdiyimiz knyaginya Usmiyeva da eyni vəziyyətdə olmuşdu. Sonra gəlib müqəddəs məscidi ziyarət etmiş və elə həmin il övladı doğulmuşdu. Göylərin bu hədiyyəsi müqabilində knyaz öz hesabına Bakıdan məscidə qədər yol çəkdirmişdi”.

Bir müddətdən sonra siyasi maraqlar üzərində qurulan ailə dağılır. Xurşudbanu öz övladları ilə birgə Şuşada yaşayır…sonrakı taleyində baş verən uğursuz hadisələr, xəyanətlər, oğlunun ölümü onu çox sarsıdır, qəmə, kədərə qərq olur, ağlamaqdan gözlərinin nurunu itirir:

Yanar canım, oğul, daim sənin nari-fəraqında!

Necə pərvanələr hər dəm yanar şəmin ayağında!

Sənin hicrin odu, Abbas, dəxi çıxmaz ki, canımdan,

Səməndər tək yanar daim anan nari-fərağında!

Göründüyü kimi, qəzəldə kəskin, yanıqlı ana fəryadı ürək dağlayır. Şuşalı Seyid Hüseynlə ikinci dəfə ailə qurandan sonra dünyaya gələn sevimli oğlu Mirabbasın vaxtsız vəfatı Natəvanın yaradıcılığında bədbin qəzəllərin, mərsiyələrin meydana gəlməsinə səbəb olur.

Natəvanın oğul dağı, fəryadı bu gün Qarabağın, Azərbaycanın şəhid analarının fəryadını xatırladır. İgid oğullarımızın canı, qanı bahasına Xan qızının vətəni – doğma Şuşamız azaddır. Acı taleyi ilə ədəbiyyatımızın, mədəniyyətimizin incisi olan Xurşudbanu Natəvanın bu gün ruhu şaddır, azaddır. Nə qədər acı taleh yaşasa da, heç vaxt doğma Şuşasız qalmamışdır. Nəhayət, 30 illik həsrətə son qoyuldu və onun erməni vəhşiləri tərəfindən güllələnmiş abidəsi azad olmuş Qarabağımızda əsl sahibinin qayıdışının təntənəsini bütün dünyaya sübut elədi. Artıq bu abidənin ucaldığı məkan Azərbaycanın döyünən ürəyidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir