Parisdə azərbaycanlı ifaçıların musiqili poeziya axşamı olub
Parisdə Azərbaycan incəsənətinin iki istedadlı nümayəndəsi – şairə Ülviyə Axundova və pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə “Soyuq suda azacıq günəş” adlı musiqili poeziya axşamı böyük uğurla keçib.
“İNFONEWS” xəbər verir ki, müasir ədəbiyyatın və musiqi mədəniyyətinin təbliği məqsədini daşıyan tədbir “Azərbaycan-Fransa dialoqu” Assosiasiyasının və Toğrul Nərimanbəyov adına Assosiasiyanın təşkilati dəstəyi ilə baş tutub. Musiqili poeziya axşamının kuratorları qismində “Azərbaycan-Fransa dialoqu” Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyova çıxış ediblər.
Tədbirin proqramı elə tərtib edilib ki, müasir poeziya Qara Qarayevin, Debüssinin, Raxmaninovun, Azərbaycan, fransız və rus musiqisinin digər klassiklərinin yaradıcılığı ilə ahəngdar şəkildə təqdim olunub.
Ülviyyə Axundova şairə, yazıçı, tərcüməçi, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə məzunu, mədəni layihələrin kuratoru, bir neçə şeir kitablarının müəllifidir. O, həmçinin Baninin iki avtobioqrafik romanı olan “Qafqaz günləri” və “Paris günləri” əsərlərini fransız dilindən rus dilinə tərcümələr edib.
Nazxanım Dadaşova isə pianoçu, Mərkəzi Musiqi Məktəbinin və Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə və festivalların, o cümlədən 2012 və 2014-cü illərdə Parisdə keçirilən Rubinşteyn Beynəlxalq Musiqi Müsabiqəsinin qalibidir. O, musiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Prezident təqaüdünə layiq görülüb.