Qarabağ bölgəsi çaylarının ekoloji vəziyyəti -ELMİ ARAŞDIRMA

Qarabağ bölgəsi çaylarının ekoloji vəziyyəti -ELMİ ARAŞDIRMA

 

 

Uzun müddət işğal altında olan və 44 günlük müharibədə ordumuz tərəfindən azad edilən ərazilərdəki çaylarda yenidən monitorinqlər aparılmış və su nümunələri götürülərək laboratoriyalara analizlər üçün göndərilmişdir. Təəssüf ki, əldə olunan analiz nəticələri bir daha qonşu işğalçı ölkənin təbiətə qarşı olan münasibətini aydın şəkildə göz önünə sərir. Hal-hazırda müvafiq qurumlar və Azərbaycan Respublikasının Prezidenti tərəfindən lazımi tədbirlər görülür.

“İNFONEWS” Lalə Heybətlinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN ÇAYLARININ HAZIRKI EKOLOJİ VƏZİYYƏTİ

GÖRÜLƏN TƏDBİRLƏR

Azərbaycan Respublikasında əhalinin şirin su ehtiyatları, əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Hər iki çay öz mənbəyini Türkiyədən götürür, Gürcüstan və Ermənistan ərazilərindən keçərək, Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Bu ölkələrin ərazilərində çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir.

Azərbaycanda çay suları (Kür, Araz və digər transsərhəd çaylar) qonşu ölkələr tərəfindən çirkləndirilərək, aşağı keyfiyyətli hala salınır. Azərbaycanın Qarabağ ərazisindən başlayan çayları, xüsusilə, Kür və Araz çaylarına, yaxud da onların hövzəsinə aid olan çaylara tökülür. Burada yerləşən dağların uca zirvələri Kür və Araz çay hövzələri arasında suayrıcı təşkil edir. Burada olan çaylar yağış və qar suları ilə qidalanır və suyundan suvarmada istifadə olunur.

Tərtər və Həkəri çayları Qarabağ vulkanik yaylasından başlayır. Arpaçay (128 km) və Bazarçayın (178 km) mənbələri yaylanın şimal-qərb hissəsindədir. Bu çaylar,əsasən, yağış, qrunt və yeraltı suları ilə qidalanır. Ona görə də ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq yamacında axan Tərtərçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət kəsb edir.

İllərlə davam edən işğal və ərazinin istismarı prosesləri nəticəsində Kür və Araz çaylarının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalmışdır. Məlumdur ki, işğal olunmuş ərazilərdə yerləşən və oradan keçən su mənbələri (göllər, su anbarları, çaylar, bulaqlar və kanallar) yalnız həmin ərazilərdə deyil, ətraf yerlərdə də təbii mühitin qorunub saxlanmasında mühüm rol oynayır. Lakin işğal altındakı ərazilərdən axan çayların daim ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları olduqca çoxdur. Öz mənbələrini işğal olunmuş ərazilərdən götürən, müxtəlif zərərli maddələrlə çirkləndirilən Xonaşen, Qarqar, Xaçın, Tərtər çayları keçib getdiyi bölgələrdə ekoloji durumun pisləşməsi ilə bərabər bütün canlıların da zəhərlənməsinə səbəb olur. Müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız – Həkəriçay, Oxçuçay, Bəsitçay, Bərgüşad və s. azadlığına qovuşmuşdur. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələri işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalmışdır. Su anbarlarının düzgün idarə edilməməsi, vaxtında profilaktik tədbirlərinin görülməməsi, çaylara çirkab və dağ-mədən sənaye tullantılarının təmizlənmədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çaylarımızda ekoloji pozuntulara səbəb olmuşdur. Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır. Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı “Ölü suya” çevirmişdir.

Bərgüşad çayı (Bazarçay)-öz mənbəyini Ermənistan Respublikasından götürür. Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır.

Çayın çirklənməsi çay ətrafı ərazilərdə yerləşən iri yaşayış məntəqələrində yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab suları hesabına olur. Çayın zəngin balıq növləri erməni işğalçıları tərəfindən talan olunur. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələrlə qırılmasına yol verilir.

Oxçuçay-öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən, Meğri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdılır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: “Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər. Çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.

Ekoloqlar tərəfindən işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparılməşdır: Oxçuçaydan bu ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilmişdir. Nazirliyin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel – 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişmişdir. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınmışdır.

Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə – Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilmişdir. Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanmışdır.

Bununla əlaqədar UNEP-in Avropa Ofisinin direktoru Bruno Pozziyə, UNECE-nin icraçı katibi Olga Algayerovaya göndərilən məktublarda Oxçuçayın ekoloji böhran vəziyyətində olması və məsələnin ciddiliyi barədə məlumat verilmiş, Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin dönməz məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilmişdir. Nazirlik beynəlxalq təşkilatlarla yanaşı Alman Bundestaqına, Yaşıllar fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın “Kronimet Holding” şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən “Zəngəzur Mis Molibden Zavodu”nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət etmişdir. Burada məqsəd erməni vəhşiliyini bir daha göz önünə gətirmək və bu dövlətin qonşu ölkələrə hörmətlə yanaşmağa çağırmaqdır.

İşğaldan azad olunmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Bu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcəkdir.Yaxın gələcəkdə Qarabağın bütün ərazisi işğaldan azad olduqdan sonra buradakı şirin su ehtiyatlarının müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsinin həyata keçirilməsi vacibdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı demişdir: “Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir”.

Bu ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır!

 

Lalə Heybətli, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), tələbə

Afaq Hacıyeva, c.ü.f.d.,b/m, elmi rəhbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir