“Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid Cavanşir Əhmədov
“İNFONEWS” təqdim edir.
Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin bugünki qonağı Şəhid Cavanşir Əhmədovun anası Vəfa xanımdır.
Cavanşir Elxan oğlu Əhmədov 2001-ci il 6 mayda Xırdalan şəhərində anadan olub. 2007-ci ildə Xırdalan şəhəri 1 saylı tam orta məkdəbdə təhsil almağa başlayıb. İdmana olan böyük həvəsi elə uşaqlıq illərindən yaranıb. Belə ki, o, ağır atletikaya maraq göstərərək, ciddi məşqul olmağa başlayır və qısa zaman kəsiyində qələbələr əldə edir və bir sıra uğurlara imza atmış olur. Eləcə də təhsilinin növbəti mərhələsini “Odlar Yurdu” Kollecində (2018-ci il) davam etdirir.
2019-cu il 8 iyulda təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanır. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başlayır və Cavanşir Əhmədov müxtəlif istiqamətlərdə döyüşlərə qatılır. Qubadlı, Zəngilan və Laçın rayonları uğrunda gedən döyüşlərdə Laçın rayonunun Səfiyan kəndində düşmən tərəfindən vurulur, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüş meydanına qayıdır, mübarizəsini davam etdirir. Döyüş yoldaşlarına yardım edən yaralı Cavanşir növbəti dəfə böyrək nahiyəsindən ağır güllə yarası alır və şəhid olur.
Böyük ürək agrısı ilə qeyd edək ki, igid Cavanşirin nəşi 22 gün neytral ərazidə qalır və son dəfə 3 noyabrda ailəsi ilə telefon əlaqəsi saxlayan Şəhidimiz yalnız 26 noyabrda doğmaları, el-obası tərəfindən qarşılanır. Xalqımız igid övladını böyük izdihamla Bərdə rayonunun Alpoud kəndində dəfn edir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Əsgər yoldaşları bu gün də Cavanşirin xeyirxahlığını, mərdliyini unutmur, onu “yaxşı döyüşçü yoldaş, yaxşı qardaş” kimi xatırlayırlar.
Cavanşirin anası Vəfa Əhmədova oğlunun uşaqlıqdan çox sakit xasiyyətli olduğunu və məktəbdə də elə bu sakitliyi ilə hər kəsdən seçildiyini xatırlayır. Həmçinin Vəfa xanım bildirdi ki, Cavanşir atasının və əmisinin I Qarabağ müharibəsi veteranı olması ilə həmişə qürur duyurdu. Xüsusilə də, atasını özünə örnək sayırdı, ona oxşamağa, onun kimi qorxmaz, cəsur olmağa çalışırdı. Ən əsası isə, Vətənə sevgisi tükənməz idi.
Vəfa xanım Cavanşiri tez-tez yuxuda gördüyünü söylədi. Sonuncu dəfə isə oğlu yuxuda anasına “Ana, sən mənə görə pis olma, ağlama, mən ölməmişəm ki…sadəcə, İmamlar kimi Şəhid olmuşam”, – deyib.
Vəfa Əhmədova sonda üzünü Azərbaycanın Şəhid analarına tutaraq dedi:
“Hər zaman başınızı uca tutun, çünki biz qəhrəmanların anasıyıq, biz övladlarımızla fəxr edirik və həmişə fəxr edəcəyik!”