“Üzünü görmədiyim babamın ruhu inciyər…”-deyə, düşünürdüm

“Üzünü görmədiyim babamın ruhu inciyər…”-deyə, düşünürdüm

 

Müstəqil Azərbaycanımızda hər ilin bu günü, yəni 15 sentyabr 1918-ci il Bakının erməni işğalçılardan azad olunması günü kimi qeyd edilir. Azərbaycan və Türk əsgərlərinin birləşərək, düşmənin doğma şəhərimizi zəbt etmək arzusunu ürəyində qoyması ilə tariximizə yazdıqları bu şərəfli günü, həm də Türkiyə – Azərbaycan qardaşlığının təməlinin qoyulması günü kimi də vurğulasaq yanılmarıq. Qeyd edək ki, Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

“İNFONEWS” təqdim edir:

HASAN, yoxsa HƏSƏN?

Əvvəllər kommunal ödənişləri dövlət idarələrində ödəyirdik. Atam işdə olurdu deyə, əksər zaman evdən məni göndərirdilər. Hər dəfə də orada mənə bu sualı verirdilər:

– Əzizov İmran Həsən oğlu? (Atamdır)

+ Xeyr, Hasan.

– Hasan, yoxsa Həsən?

+ Hasan !!!

Beləcə hər dəfə də mənə qəribə baxırdılar. Hətta bir dəfə səhvən Həsən yazmışdılar. Qəbzi geri verdim ki, düzəldin. Bir hərfə görə problem etməməyimi söyləsələr də, israrla Hasan yazılmasını istəmişdim. Üzünü görmədiyim babamın ruhu inciyər, küsər, deyə fikir edərdim. Rəhmətlik nənəm danışardı babam haqqında. Elə arzulayırdım onu görməyi. Nənəmdən öyrənmişdim babamın hər xasiyyətini. Köhnə , ağ-qara şəkillərinə baxanda üz cizgilərimizi uzlaşdırmağa çalışırdım. Qəhrəman idi mənə görə, faşizmə qarşı savaşda iştirak edib, xeyli medallar qazanmışdı. Ondan yadigar qalan köhnə şəkilləri, medalları, bir də paltarı idi. Nimdaş olsa da, səliqəsini itirməyən bir dəst paltarını saxlamışdı nənəm. Nə gizlədim kəndə gedəndə paltarını iylədiyim də olmuşdu. Maraqlı gəlirdi ki, babamın, görəsən, ətri necə olub?

Azərbaycan Yazıçılar Birliyinin üzvü əmim Fəxrəddin Əziz  “Atamın paltarı” şeirini hansı hislərlə yazmışdı, görəsən? Yadımdadır, Lənkəranda müəllim işləyəndə tədbirlərin birində bu şeiri şagirdlərim ilə səhnələşdirmişdik.

Həmişə babam haqqında çox şey öyrənmək istəmişdim. Ən çox da adının niyə Həsən yox, Hasan olmağını? Elə hey bir məna axtarmağa çalışırdım. Və bunu öyrənmək mənə 30 yaşımda nəsib oldu.

Atamgilin kəndi Böyük Qafqaz Sıra dağlarının Bozdağ silsiləsinin ətəyində yerləşir. Ağdaş rayonu, Qoşaqovaq kəndi. Kürəyini söykədiyi dağın yamaclarına kənd camaatı adlar verib. Bu adlardan biri diqqətimi çəkirdi. “Erməni tapı”. Kənd camaatının dediyinə görə, 1918-ci ilə qədər ermənilər dəfələrlə məhs bu hissədən kəndə basqın edərək mal-qaranı aparıblar.

Əslində, ermənilərdən bunu gözləmək olardı. Amma hesab edirəm ki, kəndə basqın edənlər ermənilər yox, udinlər olub. Çünki dağın arxasında udinlərin kompakt yaşadığı Qəbələnin Nic qəsəbəsi yerləşir. Udinlərin dini xristianlıqdır və vaxtilə ermənilər bunları da Qriqorianlaşdırmaq istəyiblər. Məhz buna görə kənddə bəziləri deyir ki, bu basqınları onlar ermənilər ilə əlbir olub edirdilər… Bilmirəm, dağın arxasında o vaxt ermənilər olub, ya yox? Onu bilirəm ki, bu işin arxasında əsl erməni xisləti dayanıb.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlir. Bu gəlişi ilə zülm görən yerli camaatın ürəyinə, sanki bir rahatlıq gəlir. Nuru Paşanın Ağdaşın  Ləki qəsəbəsinə gəldiyi məlumdur. Belə ki, buradan 2-3 min könüllü Osmanlı ordusunun sıralarına qoşulub. Ümumiyyətlə, Azərbaycanın hər yerində Şanlı Türk süvarilərinin izləri var.

Nə yaxşı ki, bu müqəddəs cığır kəndimizin tarixindən də keçib.

Ordunun köməyi ilə həmin il kəndimizin oğurlanan mal-qarası qaytarılır. Təbii ki, bu silah gücünə baş verir. Döyüşdə türk paşalarına yerli camaat də köməklik edirdi. Əziz baba da onların arasında olur (Hasan babamın atasıdır).

Döyüşdə Əziz baba Hasan  adında süvarinin şücaətinə heyran olur. Osmanlı əsgəri öz qardaşlarının yardımına gəlmişdi. Bu təsirli səhnənin qarşısında Əziz baba bir əhd edir: ” Oğlum olsun, adını Hasan qoyacam!”

Onu da deyim ki, bu hadisədən sonra türk əsgərlərindən bəziləri evlənərək, bu torpaqlarda qalıb, yaşayıblar. Türk Məhəmməd, onun oğlanları türk İsmayıl və türk Ziyəddin belə ailələrdəndir. Türk Ziyəddin elə indi də Ağdaş rayonu Qoşaqovaq kəndində yaşayır.

Bir sözlə, 1918-ci ildə Əziz babanın ailəsində dünyaya gələn babamın adı məhs Şanlı Türk Ordusununda Azərbaycana yardıma gələn Hasan adlı igid əsgərin adı ilə bağlıdır…Əziz babam əhdinə sadiq çıxmışdı. Necə ki, Osmanlı ordusu qan, iman qardaşlığında həmişə sadiq olub.

Ruhun şad olsun, Hasan babam. Nəticələrindən biri sənin ismini daşıyır.  Ailəmizdə hamı onu “Baba”mız çağırır.

PS: Suallarımı cavablandırdığına görə, əmim Ramiz Əzizova təşəkkür edirəm. Şəkil Hasan babamın qoruyub saxladığımız nadir fotosudur.

Unudulmaz xatirələrini bölüşdü:

Elnur Əzizov, “Hobbyland” Fərdi İnkişaf Mərkəzinin direktoru

 

 

 

“İNFONEWS” komandası olaraq, 15 sentyabr hadisələrini unutmuruq, şəhid əsgərlərin xatirəsini böyük ehtiram və hörmətlə anırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir