Faktlara dayanan TARİXİMİZ: Beyləqanın Çardaxlı təpələri

Faktlara dayanan TARİXİMİZ: Beyləqanın Çardaxlı təpələri

“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

BEYLƏGAN BÖLGƏSİNİN İLK TUNC DÖVRÜ YAŞAYIŞ ABİDƏSİ ÇARDAXLI TƏPƏLƏRİ

Qonşu Füzuli, Ağcabədi, Ağdamla müqayisədə Beyləqan bölgəsinin tunc dövrü abidələri arxeoloji baxımdan çox da dərin tədqiq olunmamışdır. Lakin, bununla belə A.A.İyessenin XX əsrin 50-ci illərində Azərbaycanda, xüsusilə Mil-Qarabağ düzənliyində apardığı axtarışların gedişində Beyləqan (o zamanki İjanov) bölgəsində qeydə aldığı ən möhtəşəm abidə ilk tunc dövrünə aid Çardaxlı təpələri olmuşdur.

Çardaxlı təpələri yaşayış yeri kompleksi

İndiki Beyləqan rayonu ərazisində, Mil düzünün dərinliyində, Arazın köhnə yatağının sol-qərb sahilində yerləşmiş Çardaxlı təpələri kompleksi ərazisinin genişliyi və möhtəşəmliyi ilə Cənubi Qafqazın çox böyük ölçüsü olan ilk tunc dövrü yaşayış məskənləri sırasına daxil ola bilər.

Çardaxlı təpə yaşayış məskənin ümumi görüntüsü

Bu abidə XX əsrin 50-ci illərində SSRİ EA Arxeologiya İnstitutu və Azərbaycan Tarix İnstitutunun birgə arxeoloji ekspedisiyasının (“Azərbaycan ekspedisiyası”) fəaliyyəti gedişində qeydə alınmışdır.

Çardaxlı təpə yaşayış yeri Beyləqan rayonu ərazisində, Xələc dəmiryolu vağzalının cənub-şərq hissəsində, Çəmənli kəndinin şimal-qərb kənarında yerləşir. Çardaxlı təpənin yerləşdiyi ərazi Araz çayının köhnə yatağının sol sahilini əhatə edir. Çayın köhnə yatağından zirvəyə qədər hündürlüyü 30 m-dən artıq, düzənlik tərəfdən 4 m-dən 6 m-ə qədərdir. Ümumi sahəsi 14 hektara çatan yaşayış kompleksi 4 (dörd) təpədən ibarətdir. Kəndin evlərinə yaxın olan 1-ci təpə daha böyük sahəyə malik olması və möhtəşəmliyi ilə seçilir. Bu təpə çoxdan (ola bilsin ele Çəmənli kəndi bina olandan) yerli əhali tərəfindən qəbiristanlıq kimi istifadə olunur. Qalan üç təpə ərazi və ölçü etibarilə birinci təpədən müəyyən qədər geri qalır. Təpələri bir-birindən müxtəlif ölçülü dərələr ayırır. Görünür, həmin təpələr təbii yüksəkliklər üzərində yerləşdiyi üçün əhalinin məskunlaşması üçün əlverişli şərait yaratmışdır.

Arazın köhnə yatağının sahilinin yaşayış məskəni kimi seçilməsi təsadüfi olmamışdır. Bol sulu çay yatağının yaxınlığı, ətraf sahədəki düzənliyin əkinçilik və maldarlıq üçün son dərəcə əlverişli olması bu faktı şərtləndirən amillərdəndir.

Toplanan digər yerüstü artefaktlardan ibarət dəlillər isə ilk tunc dövrünün ilkin və inkişaf etmiş mərhələsinin xarakterik əlamətlərini özündə ehtiva edir.

Arxeoloji materiallar müxtəlif tip və funksiyalı keramika nümunələrindən, əmək alətlərindən ibarətdir. Bütövlükdə toplanmış kolleksiya hazırlandığı xammal və təyinatı, habelə işləmə texnikasına görə aşağıdakı 4 qrupa bölünür.

Keramikanın bir qrupu, küpə, cam və xeyrə tipli qabların farqmentləri ilə təmsil olunur. Bu tip keramikanın boğaz hissəsində Kür-Araz mədəniyyətinin ilkin və inkişaf etmiş mərhələsi üçün xarakterik olan qulplar var. Qulplar əsasən lentvaridir. Bununla belə, qulplar Kür-Araz mədəniyyəti qablarındakı qulplara məxsus olan əlamətləri (qulpun aydın ifadə olunması, barmaq keçən yerin dairəvi forma yaratması, ətrafın çökəkliyi və s.) özündə əks etdirir. Bu tip qabların gili əsasən təmizdir. Səthi sığallanmış və bəzi hallarda pardaqlanmışdır. Qabların dulus çarxında hazırlanmasını sübut edən barmaq izləri – qabın içəri səthindəki konsentrik xətlər aydın seçilir.

Çardaxlı təpədən bizim topladığımız kolleksiyaya daxil olan keramikanın ikinci qrupunu faktura etibarilə əvvəl təsvirini verdiyimiz qablarla bir tipli olan, lakin qulpsuz saxsı nümunələrinin fraqmentləri təşkil edir. Bu tip qabların ağız kənarı düz, azacıq çölə meyllidir.

Üçüncü tip keramika nümunələrinin ağız kənarı düz olsa da, içəriyə doğru meyllidir. Onlar boşqab-xeyrələrin fraqmentlərindən ibarətdir. Bu tip keramika bir sıra xüsusiyyətləri, xüsusilə qulpsuz olmaları ilə ikinci qrup altında cəmləşdirdiyimiz saxsı məlumatlarına daha yaxındır. Fərq ən çox ağız kənarlarının formasındadır.

Çardaxlı kolleksiyasının dördüncü qrup altında cəmlənmiş keramika məmulatı – qalın divarlı, əldə kobud hazırlanmış, gilinin tərkibi iri qum dənəli, bişməsi qənaətbəxş olmayan küpələrə məxsus fraqmentlərdən ibarətdir.

Çardaxlı təpə, ilk tunc dövrü keramika nümunələri

Qab fraqmentlərinin bəzilərinin səthi Qarabağın Dəyirmanyeri, Cüttəpə, 1-ci Üçoğlan ilk tunc dövrü keramikasında olduğu kimi “suvaqla” örtülmüşdür. Buraya daxil olan bəzi keramika nümunələrinin səthi açıq-boz və ya qırmızımtıl rəngli, astarı isə qaradır. Belə keramika şübhəsiz ki, mətbəxt və təsərrüfat işlərində istifadə olunmuşdur.

Çardaxlıtəpə kolleksiyasına həmçinin müxtəlif cins daşlardan hazırlanmış əmək alətləri də daxildir. Bunların içərisində dən daşı yeganə nüsxə ilə təmsil olunub. Məsaməli, boz rəngli xammaldan hazırlanmış dən daşının işlək səthi səliqəli hazırlanmış, arxa tərəfi isə bir qədər yuvarlaqdır.

Toplanmış başqa daş məmulatı müxtəlif cinsli və rəngli çay daşlarından (bunlar yaşıl, boz, qara rəngli, qaya mənşəli daş qəlpələrindən ibarətdir) hazırlanmış kəsmək, sürtmək, qaşımaq üçün yararlı ola biləcək alətlərlə təmsil olunub. Maraqlıdır ki, yerüstü daş kolleksiyası içərisində çaxmaqdaşı qəlpələrinə tək-tək rast gəlinsə də, dəvəgözündən məmulatlar təmamilə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir