Veteranın pulunu və medalını oğurlayan şəxs saxlanılıb
“İNFONEWS” xəbər verir.
Xəzər rayonunun Binə qəsəbəsinin sakini olan şəxs Daxili İşlər Nazirliyinin 102 – Xidməti Zəng Mərkəzinə məlumat verərək, yaşadığı evdən 3750 manat məbləğində pul, nişan üzüyü və Vətən müharibəsində iştirak etməsinə görə dövlət tərəfindən təltif olunduğu “Xocavəndin azad olunmasına görə” medalının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları dərhal hadisəni törədən şəxsin axtarışlarına başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pullar və digər əşyalar aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində törətdiyi oğurluq əməlini etiraf edib.
Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə məlumat verə bilərlər.