Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 87 və 93 ünvanında bina sakinləri tərəfindən həmin ünvanlarda yaşamış şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün binanın həyətində “Şəhidlər Bulağı” inşa edilib.
Bu barədə “İNFONEWS”-a bina sakinləri tərəfindən məlumat verilib.
Bizdə “İNFONEWS” komandası olaraq bulağın inşası təşəbbüsünü irəli sürmüş bina sakini Qəmər Cəfərova ilə həmsöhbət olduq:
“Aylardır inşası üzərində işlədikləri bulaq bu gün hazır oldu. Biz onlar üçün heç nə edə bilmədik. Gördüyümüz iş bu bulaq və hər gün onların keçdiyi döyüş yollarını xatırlayıb göz yaşı tökməkdir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu gün bu torpaqlarda rahat gəzə biliriksə, onlar kimi mərd oğulların sayəsindədir. Onların qarşısında baş əyirəm və analarının əllərindən öpürəm. Onlar bizim yaddaşımızda daim qalacaqlar. Bu işdə məni dəstəkləyən və hər zaman yanımda olan dəyərli qonşularıma, 97 saylı MKİS rəhbərliyinə və kollektivinə bir sözlə bu işdə əməyi keçən hər kəsə dərindən təşəkkür edirəm. Biz şəhidlərimiz qarşısında hər zaman borcuyuq və belə xeyirxah işlərimizi davam etdirəcəyik.”
Qeyd edək ki, bulağın üzərində şəkilləri həkk olunmuş qəhrəman şəhidlərimizdən Rüfət Məmmədov 1994-cü il aprelin 26-da Ağdam rayonunun Qərvənd kəndi ətrafında keçən döyüşlərdə, Rəcəb Məmmədov və Timur Əliyev isə 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşlar. Allah rəhmət eləsin!