Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.

18 Oktyabr – Azərbaycan xalqı özünün dövlətçilik tarixində ən əlamətdar günlərdən olan Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcəkdir.  Azərbaycanın dövlətçilik ənənələri zəngin və qədim tarixi köklərə malikdir. Azərbaycanda dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır. Bu özünü hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən özünü göstərməyə başlamışdır. Bu dövlət qurumları o vaxtdan regionda öz qüdrətləri və güclü xarici siyasətləri ilə fərqlənmişdir.  “Azərbaycan” adı bu qövlət qurumlarının ərazilərində meydana gəlmiş və bu ad eradan əvvəl IV-III əsrdə  yaşamış əhalinin əksəriyyətinin odla bağlılığını göstərir. “Azər”-od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan Azərbaycanın simvolu hesab olunurdu. Bəzi mənbələrdə isə bu ad Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu tayfaların adından götürüldüyü qeyd olunmuşdur. “Ər kişi”, “ər oğlu”, “od qoruyan” mənasını verən “Azərbaycan” bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəldiyi göstərilmişdir. Məhz bunlara görə də, Azərbaycan dünyada “Odlar Yurdu” kimi tanınır. Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olmasını qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalan maddi abidələr sübut edir.

Qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan xalqımız hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nail olmuşdur. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa olmuş, ciddi geosiyasi problemlərlə üzləşən gənc respublikamız iki ildən az müddətdən sonra öz dövlət müstəqilliyini itirmişdir.
Ancaq milli-azadlığa bağlı ruhumuz Azərbaycanda milli azadlıq hərəkatının başlamasına səbəb olur, Bu özünü hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. 1920-ci ildə Sovet rejiminə qarşı Şəmkirdə, Gəncədə, Qarabağda, Lənkəranda, Zaqatalada və başqa yerlərdə açıq üsyanlar baş vermişdi. 1920 — 1924-cü illərdə Azərbaycanda Sovet rejiminə qarşı 54 silahlı çıxış olmuşdu.
Azərbaycan xalqının istiqlal ruhunu qələmlərdə  yaşatmaqda 20 — 30-cu illərdə mühacirətə getməyə məcbur olmuş siyasi və ziyalı qüvvələri də mühüm rol oynamışdılar. Ağahüseyn Rəsulzadə, Əmin Abid, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ömər Faiq, Yusif Vəzir Çəmənzəminli və digərləri bu ziyalılara aiddir.

1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında başlamasına baxmayaraq, Sovet İttifaqında da təhlükəli vəziyyət yaratmışdı. Azərbaycanın maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə daxil olmasına gətirib çıxardı.Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin sonuna qədər fəal iştirak etdi.
Bu qələbəni gətirən başlıca səbəblər xalqın qanı və külli miqdarda maddi sərvətlər, böyük məhrumiyyətlərdən keçmək idi.

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.
Ümummilli lideri Heydər Əliyev müharibə, əmək və silahlı qüvvələr veteranları ilə görüşdə demişdir: “Azərbaycan xalqı, ictimaiyyət bu 50 ildə sizi yüksək qiymətləndirdiyi kimi, sizin fəaliyyətinizi, əməyinizi, xidmətlərinizi, rəşadətinizi bu gün də qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir”.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. Beləliklə, ölkənin inkişafı yönündə qərarlar qəbul edildi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Kadr korpusunun milliləşdirilməsi istiqamətində həlledici addımlar atılmışdır. Elm, təhsil sahələrində, təsərrüfatda, idarəçilikdə xalqımızı təmsil edəcək vətənpərvər gənclər formalaşır, gələcəkdə də onlar mühüm dövlət vəzifələrinə irəli çəkilmişdir. Hərbçi kadrların hazırlanması məqsədilə təhsil ocaqları yaradılmışdır. O cümlədən, ölkədə quruculuq işləri də həyata keçirilmişdir. Azərbaycanın hər bir bölgəsində kəsintisiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparılmış, sənayenin inkişafı daim diqqət mərkəzində saxlanılmışdır.

Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələrinin əsası qoyulmuş, çoxsaylı fəaliyyəti dayandırılımış istehsalat sahələri, iri sənaye müəssisəsi yenidən işə salınmışdır.
Bütün bu coşğun inkişaf, qazanılmış müvəffəqiyyətlər nəticəsində Azərbaycanda milli ruh, milli mənlik şüuru daha da artır, ölkəmiz dinamik yüksəliş dövrü keçirmişdir.
80-ci illərin ikinci yarısında iqtisadi özünütənzimləmə sistemindəki və xarici dövlətlərlə aparılan siyasətdəki uğursuzluqlar, o cümlədən milli, sosial-mədəni və mənəvi mühiti bürümüş kompleks və çoxsaylı etirazlar Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında  böhranqabağı vəziyyət yaranmışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

Həmin qarışıqlıq dövründə, Heydər Əliyevin böyük səyi nəticəsində 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Sovetində də tətbiq olunması istiqamətində addım atıldı. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz müstəqilliyinə yenidən qovuşmuşdur. Oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə xalqımızın mütərəqqi tarixində yeni səhifə açılmışdı.

Dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri də bu müstəqilliyi qoruyub saxlanması idi. Lakin müstəqilliyimizin elə ilk günlərindən başlanan ictimai-siyasi hadisələr ölkəmizi yeni bir acı sınaq qarşısına qoymuşdu.

1992-ci ildə Ermənistanın təcavüzkar müdaxilələrinə görə Azərbaycanlılar Qarabağ ərazisindən qovulurdular. 1992 ildə Xocalı, Laçın və Şuşanın işğal altına düşməsi ölkəmiz üçün böyük faciə idi.

Ölkəmiz bir tərəfdən Ermənistanın hərbi təcavüzünə məruz qalır, bir tərəfdən 20 Yanvar hadisəsi yaşamış xalqın dərdinə çarə tapmağa çalışır, müxtəlif siyasi təşkilatların özünə silahlı dəstə yaratmasını dayandırmaqla məşğul olur, bir sözlə özbaşınalıq ilə mübarizə aparırdı.
Ölkədə iqtisadiyyatı bərbad vəziyyətə idi, meydan “lider”lərinin yürütdüyü yanlış daxili və xarici siyasətə, uğursuz çıxışlarına görə Azərbaycan bütün dünyada yalnış anlaşılırdı.

5 min illlik yaşı olan Azərbaycan dövləti pərakəndə vəziyyətdə idi. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır.

Xalq bu ağır problemləri həll etməyə qadir güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. Belə ki, xalq bu uzaqgörən dahi şəxsin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar.

1992-ci il, 16 oktyabr tarixində ziyalıların Heydər Əliyevə müraciəti “SƏS” qəzetinin 43-cü buraxılışında “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə dərc edilmişdi. Orda da ziyalılar ölkənin siyasi, mənəvi böhran yaşadığını, əsaslı islahatlar aparılmadığını vurğulamışdır. 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! ” Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurmuşdu.

1993-cü ilin iyun hadisələri zamanı hətta ozamankı hakimiyyət, xalqın qətiyyətli tələbi və iqtidarın davamlı xahişi nəticəsində Heydər Əliyev Bakıya qayıtmışdı.
İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, elə həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib inkişaf etdirilməsi, müstəqilliyimizin təməlinin qoyulması, onun əbədi və sarsılmaz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz fəaliyyəti sayəsində mümkün olub.

Ümumiyyətlə, çox sayda tarixi tədqiqatçılar da vurğulayır ki, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız sevgisi.
Ümummilli lider Heydər Əliyevin söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini yaddaşlardan silmək mümkün deyil. Müstəqillik və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.

Ulu öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması yönündə atılan addımlar daha da sürətlənmişdi.
Ulu öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası yönündə qərarlar qəbul edilmişdir. Ölkə ərazisindəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, sosial-iqtisadi rifahın artması istiqamətində həlledici addımlar atılmışdır.

Heydər Əliyevin nəzərincə müstəqillik bir mənəvi hadisə olaraq xalqın mənəviyyatını qorumaq, daim milli şüurda həmişəyaşarlığını qorumalıdır.

Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi il-ildən artmağa başladı.

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin noyabrında müstəqil respublikamızın ilk konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi.

13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə uyğun olaraq Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, mehriban qonşuluq münasibətləri qurulmasına nail olan ümummilli lider Heydər Əliyev bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü.

Böyük siyasi xadim Heydər Əliyev bütün xalqın maraq və mənafelərini düşünərəkdən, ədalət meyarını qoruyaraqdan addımlar atılmışdır. Vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilmiş, aztəminatlı təbəqənin maraqlarına toxunulmuş, bunlar üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi.

Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi və daha da inkişaf etdirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
İlham Əliyevin seçilməsi ilə 3-cü müstəqillik dövrümüz başlamış bu isə 2-ci müstəqillik dövrünün məntiqi davamı idi. 2003-cü ildən hazırki günümüzədək Azərbaycan günü-gündən daha da sürətlə inkişaf edir, çiçəklənir. Bu illər ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, dünya miqyasında güclü dövlət olaraq tanınmışdır.

Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. Hazırda yeni 2019–2023-cü illəri əhatə edən dördüncü proqramın icrası baş tutmaqdadır. Ölkəmizdə iqtisadi inkişaf dinamikasının təmin edilməsi məqsədilə həyata keçirilən ən mühüm tədbirlərdən biri də ailə biznesinə dəstəyin verilməsidir. Bu məqsədlə ölkədə Ailə Biznesinə Asan Dəstək – “ABAD” Mərkəzi yaradılmış və onun miqyası getdikcə böyüməkdədir.
Azərbaycanın birinci xanımı, ­Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti ­Mehriban xanım Əliyevanın da insanlara sosial-iqtisadi, sosial-mənəvi dəstək verməsi, bu tədbirlərin genişləndirilməsi istiqamətində misilsiz xidmətləri xüsusi qeyd edilməlidir.
Bu dövrdəki islahatlar nəticəsində iqtisadiyyat və sənaye istehsalı 3 dəfə artmış, yoxsulluq səviyyəsi isə 50 faizdən 5 faizə düşmüşdür. Keçmiş qlobal maliyyə-iqtisadi böhranları və hazırki pandemiya nəticəsində dünyanın bir çox aparıcı ölkələrində baş vermiş kəskin geriləməyə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi hələ də davam edir. Bu illər ərzində əhalinin məşğulluq problemləri uğurla həll olunmuş, 2 milyon yeni iş yeri yaradılmışdır.

Azərbaycan Respublikasının təbii şəraiti, əlverişli iqlimi,  olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, çoxsaylı dağ çayları, şəlalələri və şirinsulu gölləri, mineral və müalicəvi bulaqları xarici və daxili turizmin inkişafına hərtərəfli imkanlar yaradır. Tarixi-mədəni və dini abidələr, modern tikililər, əyləncə mərkəzləri və s. ölkədə daxili və xarici turizmi heyrətə gətirir.
Müasir infrastruktur layihələri həyata keçirilir, ölkəmizin hər guşəsi abadlaşdırılırdı. Belə ki, üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir.
Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür. Peyklərin orbitə çıxarılması dövlətimizin siyasəti gücünü və qüdrətini göstərir. Bizim 3 peykimiz var: “Azerspace 1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace 2”.
Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı xüsusi diqqət ayırır. Hazırda peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzun da inkişafına təkan verir.

Azərbaycanda idarəçilikdə ciddi islahatlar keçirir və xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim məqsədli inkişafımızı əngəlləyən əsas bəlalardır.
İlham Əliyevin böyük bacarıqla Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi”nin  müddəalarını yerinə yetirməsi ölkəmizin iqtisadiyyatını daha da canlandırır, xalqımıza xeyir gətirməsinə nail olmuşdur.

Bakı-Tbilisi-Ceyhan (Ərzurum) neft-qaz kəməri görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin lahiyəsini başa çatdırdığı beynəlxalq layihədir. Beləliklə, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində postneft dövrünün reallıqları ölkədə aqrar sektorun, turizm şəbəkəsinin, nəqliyyat faktorunun inkişaf etdirilməsi siyasətini meydana qoymuşdur. Azərbaycanın neft bə qeyri-neft sektorundan əldə etdiyi gəlirlər hesabına böyük miqyasda inkişaf etdirilmiş yüksək texnologiyalar və nəqliyyat dəhlizləri ölkəsi statusu qazanmışdır.
İlham Əliyev dühasının şah əsərlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu XXI əsrin Dəmir İpək yolu kimi tanınmışdır. Avropa ilə Asiyanı əlaqələndirən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat magistrallarının yaradılması nəticə etibarilə Azərbaycanı dünyanın magistral inkişaf yollarına çıxarmaq sahəsində atılmış nəhəng addımlardır. Ötən illərdə TANAP və Cənubi Qafqaz dəhlizinin açılışı olmuşdur.TANAP layihəsində Azərbaycan əsas səhmdardır. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir. Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır və Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Ölkəmiz ordu quruculuğu istiqamətində də çox böyük addımlar atmışdır. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizlər bunu bilirdik, ancaq bunu bütün dünyaya sübut etdik. 2016-cı ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü onlara düşmənə göstərmişdi. Azərbaycanın qüdrətli ordusu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmiçdi.

Eyni zaman da, Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimiz idi. Prezident cənab İlham Əliyev: “Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir”  Azərbaycanın işğalçı Ermənistanla apardığı Vətən müharibəsi, müzəffər Azərbaycan Ordusunun qələbələri və uğurları, ölkəmizin haqq işi bütün dünyaya bəllidir və eyni zamanda Prezident cənab İlham Əliyev bu müddət ərzində dünyanın 25-dən çox kütləvi informasiya vasitələrinə müsahibə vermişdir. Cənab prezident yalançı, reallığı qəti surətdə əks etdirməyər xəbərləri, qərəzini tutarlı faktlar və dəlillərlə bütün dünya mediasına ifşa etmişdir. Azərbaycan həmişə sülh planına sadiq olmuş, lakin Ermənistan isə münaqişənin bu yolu ilə həllinə qarşı olmuşdur. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir.  ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Lakin onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməmişdilər.

Azərbaycan ədaləti bərpa etmiş və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etmiş və haqlı olaraq da torpaqlarını işğalçı ermənilərdən təmizləmiş, azad etmişdir. Müzəffər Ali baş komandan və onun qəhrəman ordusu xalqına əvəzsiz qələbə sevinci yaşatmışdır. Odur ki, Azərbaycan Ordusunun Şuşanı azad etməsindən sonra düşmən məğlubiyyətini qəbul etməli olmuşdu. Şuşa Qarabağın açarı kimidir, elə qədim Qarabağ xanlığının da mərkəzi Şuşa olmuşdur. Şuşanın çox qısa müddət ərzində az itkilərlə və şəhərə böyük ziyan vurmadan azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş əzminin, peşəkarlığının göstəricisi idi. Şuşanın azad edilməsi haqq savaşımızın zirvə nöqtəsi idi.

Müzəffər Ali Baş Komandanın ulu öndərin məzarı önündə və Şəhidlər Xiyabanında şəstlə verdiyi əsgər salamı qələbəmizin rəmzi idi. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev xoşbəxt insandır ki, o, ata vəsiyyətini yerinə yetirib, İlham Əliyevin əsl liderdir ki, o xalqının 30 illik həsrətinə bir dəfəlik son qoyub. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər belə olsun, fərarilik faktı qeydə alınmamışdı. Düşmənin başını əzən, düşmənə qan udduran, düşmənin belini qıran, nəfəsini kəsən, zəfər sevincinə görə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu şad olsun. Tarixi qələbə günü münasibətilə Azərbaycanın bütün bölgələrində təntənəli tədbirlər keçirildi, ictimaiyyət nümayəndələri tədbirdə böyük sevinc hissilə iştirak etdilər. Qələbə münasibətilə keçirilən təntənəli tədbirdə iştirakçılar arasında şəhid valideynləri də vardı.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan, həll edə bilmədiyi qətnamələrinin icrasına cəmi 44 gün ərzində nail oldu.
Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı, “Vahid yumruq” Azərbaycanın qələbəsinin rəmzinə çevrilib.

Bütün dünya Azərbaycanın qüdrətini, Pezident İlham Əliyevin qətiyyətini, Azərbaycan xalqının sarsılmaz birliyinə göz görə-görə şahid oldular. Onlar başa düşdülər ki, vahid yumruq altında birləşmiş güclü xalqın möhkəm iradəsini qırmaq olmaz, bu iradəyə bu vətən sevgisinə ancaq baş əyə bilərdilər. Biz illər sonra yenidən öz ərazi bütövlüyümüzə nail olduq.  İnanırıq ki, bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün sahələrdə dinamik inkişafına, müasirləşməsinə  yeni təkan verəcək. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ruhlanan Azərbaycanın sarsılmaz birliyi, qəhrəman ordusu, həmrəy xalqı tarixə daha bir şərəfli qəhrəmanlıq salnaməsi yazaraq, müstəqil xalq olduğunu bütün dünyaya sübut etmişdir.

Nərmin İsmayılova Emil qızı, UNEC-in
SABAH Mərkəzinin 3-cü kurs,
403.03 saylı qrup tələbəsi

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir