Ədəbiyyatdan namələr:”Ilahi, Rövşəniyi eylə miskin”- Namə 5

Ədəbiyyatdan namələr:”Ilahi, Rövşəniyi eylə miskin”- Beşinci namə

“İNFONEWS”-un Ədəbiyyatdan namələr” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:

Beşinci namə:

GÜN KİMİ RÖVŞƏN ZİYASI RÖVŞƏNİNÜN

XV əsr Azərbaycan-türk ədəbiyyatı ölkənin ümumi mədəni yüksəlişinin tərkib hissəsi kimi bu dövr anadilli ədəbiyyatımız yüksək inkişafı ilə nəzəri cəlb edir, yeni imtiyazlar, yeni keyfiyyət və motivlər hesabına daha da zənginləşirdi. Belə ki,  Qaraqoyunlu və Ağqoyunlu hökümranlığı zamanı Azərbaycan dilinin hüdudları daha da genişlənərək, şimaldan Dərbənd, qərbdən Anadolu, cənubdan İran körfəzinə qədər bütöv bir ərazini əhatə edirdi. Bu dönəmdə Azərbaycan dili həm bir ünsiyyət vasitəsi kimi, həm də şeir, sənət dili olmaq etibarilə bütün ağırlığı öz çiyninə alaraq, mədəni rolunu Yaxın və Orta Şərqdə durmadan artırmağa başladı.

XV əsr şairlərinin yaratdığı bədii sənət nümunələri yalnız mənzum eşq hekayələrindən ibarət olmayıb, həm də təriqət ədəbiyyatından qaynaqlanan təsəvvüfi, əxlaqi, fəlsəfi görüşlərdən ibarət idi. Humanist ideyaları təbliğ edən Rövşəni öz əsərlərində “dinlər və məzhəblər arasındakı ziddiyyət və ədavəti aradan qaldırmağı, bütün xalqları bir gözdə görməyi, onlara hörmət etməyi fəlsəfi cəhətdən əsaslandırmağa çalışır” (Musayeva, 2003: 10). Dünyəvi məhəbbət, insansevərlik, reallıq ideyaları üzərində qurulan şairin dil və üslubu Şərq poeziyasından,  əxlaqi-didaktik motivləri nəsihətçilik üsulundan geniş istifadə edilmişdir. Şair əsərlərində nəsihətamiz hekayələrdən, lətifələrdən, xalq deyimlərindən özünəməxsus şəkildə ustalıqla istifadə edərək insanları pis vərdişlərdən çəkindirməyə, bacardıqları işlərlə məşğul olmağa, cəmiyyətdə layiqli yer tutmağa, düzgün tərbiyə etməyə çalışır, insanlar arasında qardaşlığı, dostluğu, bərabərliyi təbliğ edir.

Şərq ədəbiyyatının əxlaqi-mənəvi dəyərlər, didaktik məzmunlu hikmət çeşməsindən süzülərək əsrlər boyu müasir dövrümüzə gəlib çatan yazılı bədii-ədəbi dil nümunələri içərisində Dədə Ömər Rövşəninin hicri889(m.1484/85)-ci illərdə tamamladığı “Miskinlik kitabı” mənzum əsərinin özünəməxsus yeri var. Adını bir miskinlə qarışqa arasında olan əhvalatdan götürən bu əxlaqi-didaktik məsnəvi  Rövşəni  yaradıcılığının manifest bir əsəri olmaqla yanaşı, şairin dini-təsəvvüfi görüşlərini izah edilməsi baxımından da xüsusi önəm daşıyır. Lüğətlərdə “aciz, yazıq, bacarıqsız, zavvallı, fağır adam” mənalarında qeyd olunan miskin sözü təsəvvüf ədəbiyyatında fərqli “Allahın ucalığı, böyüklüyü qarşısında öz varlığının qayğısına qalmayan, kainatın bütün yaradılanlarda Allahın vahidliyini görə bilən adam” mənasında işlənmiş, sufilik təriqətində qazanılan ən yüksək məqam kimi qiymətləndirilmişdir.

Dədə Ömər Rövşəninin ən çox arzuladığı hal miskinlikdir. Çünki dərvişliyin yolu miskinlikdən keçir və  bu yola girən adam ona əngəl olan bütün dünya nemətlərindən, mal-mülkündən əl çəkməli, öz nəfsinə qalib gəlməli, kin və küdurətdən uzaq olmalıdır. Məhz bu baxımdan Dədə Ömər də miskinliyə xüsusi önəm vermişdir:

Ilahi, Rövşəniyi eylə miskin,

Dəmin edib lətifü xubü miskin.

Anın kimi verüb səbrü təhəmmül,

Ver ana daxi təhqiqi-təvəkkül.

“Miskinlik kitabı”nda sufizmin əsas ideyasının vahid süjet xətti ətrafında verildiyi 1167 beytlik məsnəvi ənənəyə uyğun farsca yazılmış 41 başlıqla bölmələrə ayrılmışdır. Bu bölmələrdə Hz.Peyğəmbər və əsabının başına gələn əhvalatlar, nəsihətamiz hekayələr daim  təsəvvüfi yolla izah edilmiş,  “Dər bəyani təsəvvüf”, “Dər bəyani sufi” və s. başlıqlar adı altında  təsəvvüf və sufizmin elmi izahları verilmişdir. Rövşəninin dini-fəlsəfi görüşlərinə əsasən, təsəvvüfün əsas məqsədi nəfsi pis vərdişlərdən təmizləyib gözəlliklərlə bəzəməkdir, təsəvvüf qəlbini Haqqa bağlamaq, urəyini eşq atəşiylə yandırmaqdır, təsəvvüf mənaları gizləməkdir, təsəvvüf gözəl əxlaq ilə əxlaqlı olmaq, gözəl müalicə etməkdir, təsəvvüf kimsə könlünü yıxmamaqdır, təsəvvüf el sözündən inciməmək, Haqq yolundan çıxmamaqdır, təsəvvüf hər kəsin yükünü çəkmək, ancaq kimsəyə yük olmamaqdır:

Təsəvvüfdür denilmiş ünsü qürbət,

Ara yerdə sürülüb xövfü heybət.

Təsəvvüf buğzi dünyanın dinidir

Bu sözü söyləyən bil Rövşənidür…

Təsəvvüf xəlqdən qaçmağa derlər,

Özüçün Həqqə yol açmağa derlər.

Dədə Ömər Rövşəninin “Miskinlik kitabı”ndakı hekayələrin hər biri ayrı-ayrılıqda nəsihətamiz bir fikir üzərində qurulmuşdur

Araşdırıldıqca məlum olur ki, Rövşəni əsərlərini orta əsrlər Azərbaycan və Türkiyə ədəbiyyatı ilə əlaqəli şəkildə, bir küll halında tədqiq edərkən şairin yaradıcılığının ortaq türk ədəbi dil əlaqələri baxımdan nə qədər əhəmiyyətli olduğunu görürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir