Bakıda şirkət 12 ağacı məhv etdi, cinayət işi açıldı
“İNFONEWS” xəbər verir.
Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Nərimanov Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilir ki, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyəri 16 min manat olan müxtəlif cinsli 9 ağacın kəsildiyi və 3 irigövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyənləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis idarəsinin istintaq şöbəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.