Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid Turqut Xəlilbəyli

Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid Turqut Xəlilbəyli

 

“İNFONEWS” təqdim edir.

Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin qonağı Şəhid Turqut Xəlilbəylinin atası Nadir bəydir.

Turqut Xəlilbəyli 4 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Turqutun hələ uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq idisə, anası isə əksinə, oğlunu həkim görmək istəyirdi. Orta məktəbi uğurla bitirib, ali təhsilini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirən (2010-2016-ci illər) Turqut Azərbaycan Ordusunda leytenant hərbi tibb qulluqçusu vəzifəsində çalışmaqla həm anasının, həm də öz arzusuna çatmış olur.

Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsində kənarda qalmır. O, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak edir, yaralanan hərbçilərə yerindəcə tibbi yardım göstərir.

Turqutun atası Nadir bəy oğlu ilə sonuncu dəfə görüşü barədə söhbətində söylədi: “Oktyabrın 4-də cəbhəyə tibbi ləvazimatlar apardiq, arxa cəbhədə Turqutu gördüm, görüşdüm, hətta şəkil də çəkdirmək istəyəndə, astadan mənə “Ata, mən bura şəkil çəkdirməyə gəlməmişəm”,- dedi. Bu zaman döyüş yoldaşı mənə yaxınlaşıb dedi ki, Turquta deyin əyninə bronejilet geyinsin. Niyə bronejilet geyinmədiyini soruşanda cavab verdi: “Ata, mən gün ərzində 9-10 yaralı xilas edirəmsə, bronejilet əynimdə olmayanda 2-3 yaralı əsgəri çox xilas edə bilirəm”.

Bu qısa görüşün sonunda Turqutun atasına son kəlmələri “Məndən nigaran qalmayın. Bir yaralımızın da ölməsinə imkan verməyəcəyəm”, -belə olur.

Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla durmadan tibbi yardım göstərir. Həmin gün o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaralarından leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur. Qəhrəman həkimimiz döyüş dostlarının uğurunda, Vətəni uğrunda öz canını fəda edir.

Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub, II Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan xalqı digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəylini heç zaman unutmayacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir