“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihə qəbulu sabah başa çatır
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihə qəbulu sabah yekunlaşır.
Elmin İnkişafı Fondundan bildirilib ki, müsabiqədə iştirak etmək üçün layihələr oktyabrın 15-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.
Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elm sahələrini əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılmasıdır. Eyni zamanda, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılmasıdır. Müsabiqə bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental-tətbiqi xarakterli layihələrin həyata keçirilməsini də nəzərdə tutur.
Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.