Azərbaycan səfirinin məqaləsi Misir mətbuatında yayımlandı

Azərbaycan səfirinin məqaləsi Misir mətbuatında yayımlandı

“İNFONEWS” xəbər verir.

Misirin “Cümhuriyyə” qəzeti, MENA xəbər agentliyinin saytı, “Dustur”, “Əl Diplomasi”, “Əl Ummal”, “Əl Sulta”, “Şuruk” və digər KİV-lərində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin “Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün qeyd olunduğu, bu əlamətdar hadisənin 1918-ci il mayın 29-da elan edilmiş müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin davamı olduğu qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, dövlət müstəqilliyinin bərpası mürəkkəb proseslərlə müşayiət olunub. Həmin dövrdə ölkə daxilində qarşıdurma güclənib, xaos yaranıb. Bu çətinliklər Ermənistanın sovet ordusunun dəstəyi ilə Azərbaycana qarşı təcavüzü ilə daha da artıb. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi düşmən tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. İşğalçı Ermənistan ərazilərimizdə etnik təmizləmə siyasəti həyata keçirib, 20 minə yaxın dinc əhalini qətlə yetirib, tarixi abidələri, məscidləri və infrastruktur obyektlərini dağıdıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı isə bəşər tarixinin ən qəddar cinayətlərindən biridir.

Məqalədə vurğulanıb ki, belə ağır vəziyyətdə xalq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edib və dahi siyasətçi qısa müddət ərzində ölkəni ağır böhrandan xilas edib, Ermənistanla müharibədə atəşkəsə nail olduqdan sonra Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarıb. Müstəqil Azərbaycanın tarixində tamamilə yeni era başlanıb, siyasi, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirilib. Eyni zamanda, qüdrətli ordu yaradılıb, Azərbaycanın təşəbbüsü ilə nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına başlanılıb.

T.Rzayev qeyd edib ki, 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev bu müdrik siyasəti davam etdirərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Ölkəmiz ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Məhz dövlətimizin başçısının səyləri və düşünülmüş siyasəti nəticəsində iqtisadi cəhətdən güclü və qüdrətli Orduya malik olan Azərbaycan ötən il öz torpaqlarını işğaldan azad edib, 30 ilə yaxın BMT-nin dörd qətnaməsinə və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanı kapitulyasiyaya məcbur edib. Beləliklə, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan, eyni zamanda, beynəlxalq sənədlərin müddəalarını da öz gücü ilə yerinə yetirib.

Məqalədə Misir ictimaiyyətinə Ermənistanın hərbi təxribatları, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir