Kəlbəcər və Laçın balı yüksək keyfiyyətlidir- BAL YARMARKASI
“İNFONEWS” xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gündən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov açıqlamasında bildirib ki, ardıcıl olaraq hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi. Bu isə arıçılara öz məhsullarını satmaqda müəyyən çətinliklər yaratdı. Çünki yarmarka arıçıların bir qismi üçün əsas satış platformalarından biridir. Nəticə etibarilə mövcud vəziyyət dəyərləndirilərək bu il yarmarkanın keçirilməsi qərarı verildi.
Yüzdən çox çeşiddə balın çıxarıldığı yarmarkada məhsulların qiymətlərini arıçılar özləri müəyyənləşdirirlər. “Təbii ki, qiymətlər də müxtəlifdir, alıcının seçim imkanı var. Bu da qiymətin həm arıçıya, həm də alıcıya sərf edəcək səviyyədə olmasına təsir göstərəcək. Məhsulların daşınmasına, logistika məsələlərinə də təşkilatçı olaraq dəstək vermişik. Qablaşdırma məsələsində də dəstək göstərilib”, – deyə o əlavə edib.
Builki yarmarkanın işğaldan azad olunmuş ərazilərdəki arıçılıq təsərrüfatları nümayəndələrinin öz məhsullarını alıcılara təqdim etməsi ilə fərqləndiyini deyən Vüqar Hüseynov diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində yerləşdirilmiş, dislokasiya olunmuş arıçılıq təsərrüfatları var idi. Həmin təsərrüfatların nümayəndələri, Kəlbəcər və Laçın arıçılarının bir qismi yarmarkada iştirak edirlər: “Üç ay ərzində pilot layihə dövründə davamlı olaraq Kəlbəcər və Laçın rayonlarında monitorinq aparılıb. Həmin bölgələrin balı kifayət qədər yüksək polen göstəricisinə malikdir və bu göstəriciyə malik bal dünyada məşhurdur. Çox ciddi tələbat olduğuna görə, bir çox Kəlbəcər və Laçın arıçıları öz məhsullarını hələ yaylaqda olarkən satıblar. Məhsulunu satmayıb yarmarka üçün saxlayan və daha çox məhsul götürən arıçılar da var və bu yarmarkada iştirak edirlər”.
Qeyd edək ki, vətəndaşlar noyabrın 7-dək hər gün saat 9-dan 19-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.