Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
“İNFONEWS” Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, qərarda deyilir:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
– Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.
– “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1-ci bəndində “2021-ci il 1 noyabr” sözləri “2022-ci il 1 yanvar” sözləri ilə əvəz edilsin.