“Qarabağ Zəfəri – Şuşa” kitabı çapdan çıxıb
“İNFONEWS” xəbər verir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxmışdır. Kitab 44 günlük müharibənin memarları olan Azərbaycan ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir.
Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonimlərini və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir. Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü və 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb. Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür. Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.