Ədəbiyyatdan namələr: “O günləri görəcəyik haçansa”- Namə 7

Ədəbiyyatdan namələr: “O günləri görəcəyik haçansa”- Namə 7

 

“İNFONEWS” -un Ədəbiyyatdan namələrlayihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva “ZƏFƏR Günü”nə həsr edilən xüsusi buraxılışını təqdim edir:

Yeddinci namə:

GƏL DƏRDİNİ BÖLÜM, VƏTƏN!

Qərib sözlü-söhbətli, yurd həsrətli, Türk sevdalı, dərd şairi Əli-Ağa Aslanın söz dünyası oxucusuna ilk baxışda bir insanın ömürboyu keçdiyi yolun, yaşadığı ağlı-qaralı, sevincli-kədərli həyatın nakam gündəliyidir…Həyat çox mürəkkəb, ağrılı-acılı, sevincli bir ömür verir insana, hər kəs talehin yazısına boyun əyərək öz köçünü çəkir. Beləcə, Əli-Ağa Aslanın da tale yollarının səmti bilinməz…Qubadlı rayonunun Qaracallı kəndində dünyaya göz açan şairin yurdu erməni quldurları tərəfindən işğal ediləndə kəndi ən sonuncu tərk edən şəxslərdən olmuşdur. Sumqayıtda məcburi köçkün kimi məskunlaşan şair yerə-göyə sığmırdı, bəxtinə yazılan “yazı”ya üsyan edirdi:

Qaçqın!

Köçkün!

Didərgin!

Hər gün

azı yüz dəfə

eşitdik bu sözləri.

Yüzündə də öldük…

Məhz o gündən başlayaraq, şairin bütün yardıcılığında Vətən nisgili, torpaq həsrəti, el dərdi əsas rol oynayırdı, sanki “xəmri dərdən, qəmdən yoğrulmuşdur”. Şirin söhbətlərini dinləyənlər, şeirlərini oxuyanlar onun dərd şairi olduğunu duyurdu…sanki uzaqlara boylanaraq,  talan-viran olmuş yurdunun acı taleyini düşünərək, əngin səmada səpələnmiş fikir atını dərdli-dərdli çapırdı:

Bu boyda dərd olmaz, bir belə kədər,

Vətənsiz yaşanan ömür-gün hədər,

Ağlatdı dərd bizi ölənə qədər.

Qəm əydi nizəni, kaman düz oldu,

Bizim qismətimiz yaman pis oldu.

Əli-Ağa Aslan gözəl yazırdı…Onun poetik ilhamı azad idi. Çoxlarının bir-birinə baxıb tərənnüm elədiyini, o, özü yazırdı, yaradırdı. Belə ki, hər bir şairin yaradıcılığında Vətən şeiri var. Ancaq Əli-Ağa Aslan şeirində Vətənsiz yaşamağın, ölməyin həsrəti var:

“…Ölməyə Vətən yaxşı”.

Fəqət Vətən yoxdu.

Vətən yoxsa,

qızınmağa ocaq yoxdu.

Vətən yoxsa,

qısılmağa bucaq yoxdu.

Vətən yoxsa,

yıxılmağa qucaq yoxdu.

Biz necə öləcəyik?!…

Şairin sadə tərzdə, amma səmimi, təbii ahəng üstündə yazılan şeirlərinin əksəriyyətində içdən gələn reallıqların, hisslərin təsviri var. Hər bir şair zəmanəsinin övladıdır…Onun yaşadığı cəmiyyət, insanlar, rastlaşdığı hadisələr, təzadlar şeirlərində öz əksini tapırdı:

Nə qəfil dərd gələr, nə birdən keçər,

Tək olar, cüt olar, səbirdən keçər.

Sənin də yolların qəbirdən keçər,

Ölməyib ümidi hələ bu xalqın,

Gələcək yiyəsi, lələ, bu xalqın…

Göründüyü kimi, şairin gələcəyə ümidi böyük idi. Nə vaxtsa dədə-baba yurdunun azad olunacağını hiss edirdi…Qurd ağzında yatan Türk oğlunu ayağa qalxmağa, bir ovuc torpaq olub yurda getməyə, Vətəni azad etməyə səsləyirdi:

Yetər daha

səbri qoyub baş altına

qurd ağzında yatdığımız.

Dönəlim qurda, gedəlim.

Bir ovuc torpaq olmağa

qayıdıb yurda gedəlim…

Nəhayət, o gün gəldi…Çox təəssüf ki, 2009-cu ildə şair ömrünün 48-ci baharında Vətən həsrəti, yurd sevgisilə dünyadan nakam köçdü. Onun yoxluğu varlığını sevənlərinə daha çox dərk elətdirdi. Zamanında bu sadə, təvazökar şairə qiymət verməyənlər, dəyərini yoxluğunda daha çox hiss elədilər, ürəkdən yanıqlı bir “ah” çəkərək dahi şairin səsini duydular… Məlumdur ki, dahi şəxsiyyətlər zamanla öz həqiqi qiymətini alır. Əli-Ağa Aslan sözün əsl mənasında Səxsiyyət idi…

Hər kəsə yöndüsə, pirdisə Vətən,

Hər qarış torpağı pir olmalıdır.

Birdisə məmləkət, birdisə Vətən,

Onun övladı da bir olmalıdır.

Vətənimizin birliyini arzulayan, bu günün gec-tez gələcəyini duyan gözəl şairimizin ruhu azad və şaddır! Məhz bu günlərdə Azərbaycan xalqı birliyimizin, məğrurluğumuzun  rəmzi olan Qarabağımızın azad olunduğu Zəfərin sevincini yaşayır. Zəfərimiz əbədi olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir