Kimdir istehlakçı və onun nə kimi, hansı hüquqları var?
“İNFONEWS” – un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Ruslan Fətullayevdir.
Ruslan Fətullayev – istehlakçıların hüquq və vəzifələrinin müdafiəsi üzrə geniş fəaliyyətə malik, Azad İstehlakçılar Birliyinin Sumqayıt şöbəsinin sədri, “İnam” İstehlakçılar İctimai Birliyinin sədri olaraq çalışmış, son dövrlər turizm, otelçilik sahəsində yüksək vəzifələrdə işləmiş, xarici ölkələrdə mütəmadi təlimlərə dəvət alan təlimçi, iqtisadçı-ekspertdir.
“İNFONEWS”: – Hörmətli Ruslan müəllim, bizə, bizim izləyicilərimizə zaman ayırdığınız üçün Sizə minnətdarq. Birbaşa mövzumuza keçək; Kimdir istehlakçı və onun nə kimi, hansı hüquqları var?
Ruslan Fətullayev: – Fürsətdən istifadə edib, bütün izləyici-oxucularınızı salamlayıram. Mövzu olduqca maraqlı və aktualdır. Bildirmək istəyirəm ki, bu, nəinki ölkəmizdə, eləcə də bütün dünyada gündəmin müzakirəsində olan ən mühüm mövzusudur. Çünki hər birimiz kimliyimizdən, fəaliyyət sferamızdan asılı olmayaraq istehlakçıyıq. Və istehlakçı kimi bizim geniş hüquq və səlahiyyətlərimiz vardır.
Beləliklə, istehlakçı kimdir?
Şəxsi tələbatını ödəmək məqsədilə mal, məhsul, görülən iş və xidmətlərdən istifadə edən, onları alan, sifarış verən, yaxud almaq və sifarış vermək niyyəti olan şəxslərdir. Bir sözlə, biz bazarlarda, marketlərdə, dükanlarda, yəni ticarət mərkəzləri kimi obyektlərdə, harada oluruqsa-olsun orada istehlakçı rolunu oynayırıq. Konkret deyək ki, biz ticarət mərkəzlərindən alış-veriş ediriksə, həmin andan istehlahçıya çevrilirik, yaxud istənilər növ xidmətlərdən istifadə ediriksə, məsələn, nəqliyyat, rabitə, kommunal xərclərdən, deməli, istehlakçıyıq. Həmçinin evdən hər-hansı bir xidmətə görə onlayn ödnişlər edir, ya da dükanlardan ərzaq, geyim sifarış veririksə, biz istehlakçıyıq. Bir sözlə, biz nə ediriksə edək, hətta biz evdə oturduğumuz zaman istehlakçı oluruq.
İstehlakçı kimi bizim hansı hüquq və vəzifələrimiz var? Bəli, istehlakçı kimi çox geniş səlahiyyətlərimiz, hüquqlarımız vardır, halbuki bundan əksəriyyətin xəbəri belə yoxdur. Və nəticədə qanunla verilmiş hüquqlardan istifadə edə bilmirlər ki, sonucda tək ticarət obyektlərinə deyil, ümumiyyətlə, bir sıra sahələrdə də aldanmış, uduzmuş olurlar. Tamhüquqlu istehlakçı kimi malların, onların istehsalçısının, icrasının, satıcısının seçilməsi məhz bizim tərəfimizdən sərbəst həyata keçirilir. Həmçinin, biz istehlak etdiyimiz malların gərəkən keyfiyyətdə, yüksək keyfiyyətdə olması hüququna malikik. Malların, eyni zaman da, xidmətlərin təhlükəsiz olmasına, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququmuz var. Qanunvericilikdə nəzərdə tutulan hallarda tələblərə cavb verməyən, keyfiyyəti olmayan malların, ərzağın bizlərə vurduğu zərərlərin ödənilməsi hüquqları, dəyən ziyan üçün müvafiq dövlət orqanlarına müraciət etmək, onları məhkəmələrə cəlb etmək kimi hüquqlarımız vardır. Qeyd etmək istəyirəm ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu” 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmışdır ki, bütün lazımi müddəa və maddələri – dörd fəsil və iyirmi yeddi maddəni özündə əks etdirib və zamanla üzərində dəyişikliklər edilib, daha da təkmilləşdirilmişdir.
“İNFONEWS”: – Biz, istehlakçıların müdafiəsi bu gün necə həyata keçirilir? Və buna cavabdehlik daşıyan hansı təşkilatlardır?
Ruslan Fətullayev: – Qeyd etdiyim kimi, bu gün istehlakçıların hüquqlarının müdafiəsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nda çox geniş şəkildə göstərilib. Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə tam təminat verir. Eyni zaman, malların, xidmətlərin azad seçminə imkan yaradır. İnsanların sağlamlığının və həyat tərzinin lazımi səviyyədə təmin edilməsinə tam zəmanət verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsinin Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların, xidmətlərin keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqların müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz fəaliyyəti hüdudları çərçivəsində həyata keçirir. Dövlət səviyyəsində istehlakçıların hüquqlarını qoruyan, müdafiə edən bir sıra rəsmi qurumlar vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin, sırf qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları vardır. Eyni zaman, bir sıra qeyri-hökümət təşkilatları da istehlakçıların hüquqlarının müdafiəsi iqtiqamətində bu gün fəaliyyət göstərir. Amma mən hesab edirəm ki, qeyri-hökümət təşkilatlarının sayı çox olarsa, bu iş yüksək səviyyədə həllini tapmış olar. Bir daha vurğulamaq istərdim ki, istehlakçıların müdafiəsi haqqında qanunun 27-ci maddəsində çox gözəl, aydın şəkildə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları öz qanuni hüquqlarının müdafiəsi üçün könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını, yəni istehlakçılar birliyini yaratmaq hüququna malikdirlər. Yəni bu, o deməkdir ki, bizlər – xidmətdən istifadə edən, ticarət xidmətindən istifadə edən (alıcı kimi) və sifariş verənlər bir neçə qruplarda birləşərək ictimai təşkilatları təsis edə bilər və bu ictimai birliklərin nəzdində daha yaxşı, daha geniş səviyyədə hüquqlarımızı qoruya bilərik, yəni istehlakçıları müdafiə edə bilərik. Eləcə də, geniş maarifləndirmə işini görməklə istehlakçıların pozulmuş hüquqlarını bərpa edəlməsinə yardım göstərə bilərik.
“İNFONEWS”: – Maarifləndirmə işindən söhbət düşmüşkən, istehlakçıların maarifləndirməsi işi bu gün hansı səviyyədə qurulur və bu sahədə daha nələr etmək olar?
Ruslan Fətullayev: – Müasir dövrdə istehlak bazarında baş verənlərdən xəbərdar olmaq, istehlakçıların tələblərini ödəməyən malın necə və neçə gün ərzində dəyişdirilməsi və ya geri qaytarılması istehlakçıya dəyən maddi və mənəvi ziyanın ödənilməsi və digər qaydalar haqqında istehlakçıların müvafiq biliklərə malik olması üçün bu sahədə geniş maarifləndirmə işinin həyata keçirilməsinə ehtiyac vardır. Baxmayaraq ki, elektron və kütləvi informasiya vasitələrində müvafiq dövlət qurumlarının araçılığı ilə habelə, qeyri-hökümət təşkilatları və iqtisadçı ekspertlər tərəfindən maarifləndirmə işləri mütəmadi aparılsa da, bu gün istehlakçıların maarifləndirilməsinə nail olmağı tam əminliklə demək mümkün deyil. Maarifləndirmə işinin gücləndirməsi məqsədi ilə bir sıra silsilə işlər görməyə ehtiyac vardır. Fikrimcə, bu kimi maarifləndirmə işlərinə hələ uşaqların yeniyetmə vaxtından başlanmalıdır. Məsələn, iş yerlərində, məhəllələrdə, ali və orta ixtisas təhsil müəsisələrində yaxşı təşkil edilmiş təbliğat işləri görülməlidir, həmçinin ali ixtisas müəsisələrində istehlakçı hüquqlarının qorunması, məlumatlandırılması və istehlak bazarında baş verən proseslərin öyrənilməsi məqsədi ilə dərsliklərin çap edilməsinə və dərs saatlarının əlavə edilməsinə ehtiyac vardır.
“İNFONEWS”: – İstehlak bazarından danışdınız. Bəlkə istehlak bazarı mövzusuna da aydınlıq gətirəsiniz; İstehlak bazarı nə deməkdir və bu gün istehlak bazarında nə baş verir?
Ruslan Fətullayev: – İstehlak bazarları müntəzəm istehlak üçün nəzərdə tutulmuş məhsul və xidmətlərin üstünlük təşkil etdiyi bazarlardır. Yəni istehlak bazarı fərdi və ya ailə istehlakı üçün mal-məhsul olan yerli istehlakçılardan ibarət olan bir bazardır. İstehlak bazarı məhsul və xidmətlər almağa imkan verən bir sistemdir. Bu aldığımız əşyalar şəxsi istifadə üçün və ya başqaları ilə bölüşmək üçün istifadə edilə bilər. Hər dəfə biz məhsul və ya xidmət aldığımız zaman istehlak bazarında iştirak edirik. Bu gün istehlak bazarında nə baş verir? İstehlak bazarı istər məhsul baxımından, istərsə də, xidmətlər baxımından çox genişlənib, yəni bolçeşidli məhsullar, xidmət növləri bu gün istehlak bazarında fəaliyyətdədir. Bir neçə il öncəyə dönüb baxsaq, həm iri ticarət mərkəzlərinin sayının, həm bizə xidmət göstərən sahələrin sayının kifayət qədər artımını görərik. Bəs bu kəmiyyət artımı keyfiyyətə nə dərəcədə təsir göstərir? Əlbəttə, məhsul çeşidlərinin bol olmağı biz – istehlakçılara ticarət mərkəzlərində, istehlak bazarında seçim etmək üçün olduqca əhəmiyyətlidir. Amma digər tərəfdən, biz məhsul seçərkən keyfiyyətə nə dərəcə də üstünlük verə bilirik və yaxud da ki, keyfiyyətli mal almaq üçün biz nələri bilməliyik. Ümumiyyətlə, istehlakçılar ilə istehsalçılar arasında bir körpü rolunu oynayan, vasitəçilik yaradan tərəf satıcılardır ki, biz məhsulları satıcılardan, satıcı tərəfdən alırıq.
Bəs ticarət mərkəzləri bu gün bizə necə xidmət göstərir? Biz öz hüquqlarımızı bilirikmi? Bir istehlakçı kimi hüquqlarımızı tələb edə bilirikmi, eyni zamanda alacağımız məhsulların keyfiyyəti haqqında məlumatlıyıqmı? Təbii ki, biz, ilk növbədə, məsələni qanunun müddəalarını öyrənməklə həll edə bilərik, amma eyni zamanda bizə xidmət göstərən həmin qarşı tərəf – satıcı öz işi, satdığı məhsul və mal haqqında, göstərdiyi xidmət növləri haqqında geniş məlumtlı olmaqla, bizi də məlumatlandırmalıdır. Çox təəssüflər olsun ki, bu gün ticarət mərkəzlərində, xidmət sahələrində müəyyən savadlı, bacarıqlı, təcrübəli satış mütəxəssislərinin kadr qıtlığı ilə rastlaşırıq. Belə deyək, ticarət mərkəzlərinin və xidmət sahələrinin sayı çoxaldıqca, ora lazım olan kadrlara da ehtiyac gündən-günə artır və belə olduğu halda istər-istəməz həmin mərkəzlərə, ticarət mərkəzlərinə bu sahədə çox da savadı-biliyi olmayan şəxslər işə götürülür. Bu gün adi mağazada satıcı işləyən insanlar alıcının sadə suallarını cavablandıra bilmirsə, satdığı mal-məhsul-xidmət haqqında yetərincə məlumatı yoxdursa, istehlakçı bunu nə dərəcədə qənaətbəxş hesab edəcəkdir. Təsadüfi (işsiz) adamlar gəlib satıcı olmaq üçün müraciət edir və həmçinin, hər hansı bir xidmət sahəsi, məsələn, götürək nəqliyyat sahəsini ki, ictimai nəqliyyat sürücüləri öz kateqoriyaları üzrə işləmirlər və yaxud təcrübələri olmadan çalışırlar və bu da özlüyündə ciddi problemlərə yol açır.
Belə hallara kifayət qədər misallar gətirə bilərik. Hesab edin ki, biz hər hansı bir mağazadan, “Ət məhsulları” şöbəsindən ət və yaxud kolbasa məhsulu almaq istəyirik və satıcı bizə məhsul barədə- istehsal tarixi, keyfiyyəti, digər məhullarla müqayisəli əlavə informasiyanı və s. dolğun məlumat verməlidir. Bu kimi problemlər, mütəxəssis səriştəsizliyi bir qrup işbazların meydana gəlməsinə, öz keyfiyyətsiz məhsullarının bazara, daha sonra süfrələrimizə gəlməsinə yol açır ki, bu heç də yaxşı nəticələnmir.
Bu kimi problemlərin aradan qaldırılması isə çətin deyil. Çox yaxşı olardı ki, ticarət mərkəzlərində işə götürüləcək insanlar üçün xususi kurslar, treninqlər təşkil edilsin, bu istiqamətdə peşə məktəbləri, litseylərinin tərkibində məşğələlər, ticarətyönümlü təcrübə proqramları daxil edilsin ki, əldə edilən nəzəri biliklər praktikada tətbiq edildikdə daha da effektiv nəticə göstərsin.
Bir sözlə, bu gün bizim istehlak bazarında mal çeşidinin çox olmağına, mal-məhsul seçimimizin geniş olmağına baxmayaraq, bizə o məlumatı ötürən, məlumatlandıran ixtisaslaşdırılmış mütəxəssilər yox səviyyəsindədir.
“İNFONEWS”: – Bizə el gəlir ki, mövzu burada bitmədi. Bu söhbətlərə tezliklə geridönüş edəcəyik. Mövzunun davamını gözləyək.
Ruslan Fətullayev: – Bəli, bu istiqamətdə mövzular hər zaman aktualdır, lazımdır, növbəti görüşlərdə digər zəruri məsələlərə toxunmaq diləyi ilə …
“İNFONEWS” komandası adından müsahibimiz hörmətli Ruslan müəllimə dərin təşəkkürlərimizi bildirirk, gördüyü işlərdə davamlı uğurlar arzulayırıq.