Jest dilinə tərcümə edilən “Uşaq Hüquqları Konvensiyası”nın III nəşrinin əsasında hazırlanmış elektron kitabın təqdimatı keçirildi
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Hər bir ölkənin gələcəyi uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən asılıdır.
10 dekabr tarixində Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və “Səssiz ünsiyyət – jest dilinin inkişafına dəstək” İctimai təşkilatının birgə tərəfdaşlığı ilə jest dilinin inkişafı məqsədilə sosial yönümlü tədbir keçirildi.
“İNFONEWS” xəbər verir ki, tədbirdə, 2 və 3 nömrəli Respublika Xüsusi İnternat məktəbi, SOS Uşaq Kəndinin sakinləri iştirak etdilər.
Tədbir çərçivəsində Qobu qəsəbəsindəki Qəzənfər Xalıqov adına 1 saylı məktəbin II sinif şagirdlərininin ifasında kompozisiyalar təqdim olundu.
Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, onları 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edib.
Səbinə Əliyeva sözügedən sosial yönümlü layihəni olduqca yüksək qiymətləndirərək, jest dilinin, Brayl əlifbasının, ünsiyyətin bütün digər üsullarının rəsmi münasibətlərdə qəbulu və istifadəsinin təmin olunmasının ölkəmizin də iştirakçısı olduğu BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələblərindən biri olduğunu vurğulayıb.
Çıxış edən Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin əhəmiyyətini vurğulayaraq, əsas məqsədin jest dilinin inkişaf etdirilməsi ilə yanaşı sağlamlıq imkanları məhdud uşaqların elektron resursların vasitəsi ilə hərtərəfli inkişafına təkan vermək olduğunu açıqladı. Ş.Qəmbərova Respubluka Uşaq Kitabxanasının fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqlar üçün faydalı və səmərəli tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Tədbir zamanı bütün qonaqların çıxışları eləcə də təqdim olunan kompozisiyalar sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə tərcümə edildi.
Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların rəsm əsərləri də sərgiləndi.
Sonda iştirakçı uşaqlara hüquq üzrə fəlsəfə doktoru, Ombusdman Aparatının rəhbəri Səbinə xanım Əliyeva tərəfindən hədiyyə və təşəkkünamələr təqdim edildi.
Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.