İqtisadiyyat İnstitutunun əməkdaşının yeni kitabı çap olunub
“İNFONEWS” xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Demoqrafiya və İş Qüvvəsinin Təkrar İstehsalı Problemləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı çap olunub.
Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, monoqrafiya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilib.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru institutun böyük elmi işçisi, iqtisadçı demoqraf Çingiz Baxış, rəyçiləri iqtisad elmləri doktoru, professor Gülənbər Əzizova və iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyevdir.
Monoqrafiyada aparılmış tədqiqatlar real həqiqətlərə əsaslanır və müxtəlif siyasi quruluşları özündə ehtiva edən 200 ilə yaxın dövr ərzində sosial-iqtisadi, sosial-siyasi, etnodemoqrafik xüsusiyyətləri və mövcud statistikanın imkanları nəzərə alınmaqla həyata keçirilib. Habelə müasir Azərbaycanın əsas demoqrafik göstəriciləri müxtəlif ölkələr ilə müqayisə edilərək, həmin göstəricilər üzrə dünyadakı yeri müəyyənləşdirilib.
Kitab elmi işçilər, ali məktəblərin müəllim və tələbələri, habelə demoqrafiya elmi, əhali ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.