“Faktlara dayanan TARİXİMİZ”: TANAP və TAP layihələri
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti: TANAP və TAP layihələri
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması gündəlikdə duran ən mühüm məsələlərdən biri olub. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib.
Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib.
2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. NABUCCO da daxil olmaqla təklif edilən müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirib və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürüb.
2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat – strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.
2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya edib.
2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib.
2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub.
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanılıb.
Cənub Qaz Dəhlizinin uzunluğu 3,5 min kilometr təşkil edir. Kəmər 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihə 40 milyard dollar həcmində dəyərləndirilir. İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.
Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib.
TANAP boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olmuşdur. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql edilmişdir. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olmuşdur. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirmişdir. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.
TANAP Türkiyənin Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə daxil olmaqla 20 şəhərindən və 67 rayonundan keçərək, Yunanıstan sərhədində Ədirnənin İpsala rayonunda başa çatır. Bu xətt Türkiyədə indiyə qədər inşa edilən ən böyük həcmli və uzunluğa malik boru kəməridir.
Azərbaycan bu layihənin reallaşması ilə dünyada təhlükəsizliyin, əməkdaşlığın, qarşılıqlı iqtisadi maraqların təmin olunması tərəfdarı olaraq, özünü bir daha sübut edir. TANAP energetika bazarında hegemonluğa və ya inhisarçılığa qarşı atılan addımdır.