“Əlillik qüsur deyil” kitab-albomun II nəşrinin təqdimatı olub
“İNFONEWS” xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar nazirlik tərəfindən hazırlanmış “Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, əlilliyi olan istedadlı şəxslər və s. iştirak ediblər.
Mərkəzin foyesində “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə təqdim edilən əsərlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə, onun yaradıcılığına həsr olunub.
“Əlillik qüsur deyil” kitab-albomunun təqdimat tədbirində S.Babayev nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişləndiyini, sosial ödənişlərdə artımların ardıcıl xarakter aldığını diqqətə çatdırıb.
O, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında rolunu xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu mərkəz əlilliyi olan şəxslər və digər həssas qruplar üçün Cənubi Qafqazda ilk dəfə olaraq çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
S.Babayev əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bu il də əlilliyi olan şəxslərin əl işlərinin 10 satış-sərgisi, həmin şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. Ötən dövrdə nazirliyin dəstəyi ilə yaradıcı əlilliyi olan şəxslərin iştirak etdiyi müxtəlif tamaşalar, onların yaradıcılıq potensialının cəmiyyətə tanıdılması, sosial inklüzivliyi təbliğ edən müxtəlif layihələr hazırlanaraq həyata keçirilib.