İlahiyyat İnstitutunun tələbələri sinaqoqu ziyarət ediblər
“İNFONEWS” xəbər verir.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) ikinci kurs tələbələri paytaxtdakı dağ yəhudiləri və gürcü yəhudiləri sinaqoqlarını ziyarət ediblər.
Bu barədə institutdan məlumat verilib.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə icmanın və sinaqoqun fəaliyyəti haqqında məlumat verib. İcma rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir.
M.Yevdayev bildirib ki, Azərbaycan möhkəm tolerantlıq ənənələri olan ölkədir. Burada müxtəlif dinlərin, etnos və millətlərin, mədəniyyətlərin nümayəndələri əsrlərdir sülh, qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıb və bu ənənə bu gün də davam edir. Bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, yəhudi icmasının üzvləri dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
İcma rəhbəri Aİİ tələbələrinin Yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında suallarını cavablandırıb.
Qeyd edək ki, İlahiyyat İnstitutunun yaradılması haqqında Prezidentin Sərəncamında qeyd olunduğu kimi, ali təhsil müəssisəsi qarşısında duran məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu məqsədlə institut tələbələrin Azərbaycanda mövcud müxtəlif dini ibadət ocaqlarının ziyarəti, burada mövcud şərait, müxtəlif xalqların inanc və ibadət sistemi ilə əyani tanışlığı üçün səfərlər təşkil edir.