“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsi genişlənir

“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsi genişlənir

“İNFONEWS” xəbər verir.

Bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə effektivliyini artıraraq yüksək məhsuldarlığın əldə edilməsi və fermer xərclərinin optimallaşdırılması məqsədilə 2021-ci ilin birinci rübündə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi başlanıb. İlkin mərhələdə pilot layihə olaraq Quba və Qusar rayonlarında fəaliyyət göstərən 4 iqlim stansiyası əhatəsindəki alma, gilas, şaftalı və nektarin təsərrüfatları ilə məşğul olan 5800-dən artıq fermer hədəf seçilib. Cari ildə dəmgil, boz çürümə, deşikli ləkəlilik, yarpaq qıvrılması və s. xəstəlikləri, alma meyvəyeyəni zərərvericisi haqqında fermerlərə, ümumilikdə, 20583 SMS bildirişi göndərilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, stansiyalar üzərində quraşdırılmış sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaqların nəm qalma müddəti, yağıntıların düşmə vaxtı və küləyin sürəti barədə məlumatları toplayır. Bu məlumatlar süni intellekt vasitəsilə emal edildikdən sonra yekun nəticələr Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Xəstəlik və zərərvericilərin yayılması üçün uyğun şərait qeydə alındıqda, mövcud risklə bağlı fermerlərə SMS bildirişlər göndərilir.

Risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı “Telegram” kanalı (https://t.me/ktnsmart) yaradılıb. Bu kanalla, həmçinin fərdi olaraq keçirilmiş qiymətləndirilmələrdə layihə fermerlər tərəfindən müsbət dəyərləndirilib.

Bunları nəzərə alaraq, “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsinin genişləndirilməsi 2022-ci il üçün hədəf qoyulub və bu istiqamətdə işlərə başlanıllıb. Belə ki, növbəti ildə Cəlilabad rayonu ərazisində kartofda fitoftora, alternarioz, qara-ayaq və kolorado kartof böcəyi üzrə, Zaqatala rayonu ərazisində isə fındıq təsərrüfatlarında unlu şeh və antraknoz xəstəlikləri üzrə fermerlərə müvafiq SMS bildirişləri göndəriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir