“Faktlara dayanan TARİXİMİZ”: Ey qəhrəman övladın şanlı Vətəni!
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
AZƏRBAYCAN! AZƏRBAYCAN!
Ey qəhrəman övladın şanlı VƏTƏNİ!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü
Bu günün əsası 1989-cu ildən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhədinin) dağılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan milləti məhz bu gün bir-birlərinə qovuşmuş oldular. 1946-cı ildə Cənubi Azərbaycanda üsyanın yatırılması ilə bütün sərhədlər bağlanmış və əlaqələr kəsilmişdir. Məhz həmin gün minlərlə həmvətənlilərimiz Şimali və Cənubi Azərbaycan arasındakı Sərhəd dirəklərini qıraraq, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd etdi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.