“…tələbələr əsl alim mühitinə düşməlidirlər”-Etibar Əliyev
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev “teleqraf.com” saytına kitab və kitabxana mövzusunda maraqlı müsahibə verib.
“İNFONEWS” Müsahibəni təqdim edir:
– Etibar müəllim, sonuncu dəfə hansı kitabı oxumusunuz?
– Sonuncu dəfə 2000-ci il fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Erik Kandelin “Yaddaşın axtarışında” kitabını oxumuşam. Çox maraqlı kitabdır. Kandel böyük fizioloqdur, kitabı populyar dildə yazıb. Bundan başqa, yenidən Herman Hessenin “Muncuq oyunu” kitabını oxudum. 20-ci əsrin ən çətin və fəlsəfi romanlarından biridir.
Ümumiyyətlə, çox maraqlı elmi, populyar ədəbiyyatlar var, deyərdim ki, onları oxumağa gecikmişik. Bizdə oxumaq məsələsində “itirilmiş zaman” anlayışı yaxşı oxucunu narahat etməlidir. Çünki elə ədəbiyyatlar olub ki, bizə gec çatıb. Elə ədəbiyyatlar olub ki, tapmaq imkanımız olmayıb. Bu baxımdan, bizdə bir xeyli gecikmə var, bu, bütün elm sahələrinə aiddir.
Elə əsərlər var ki, onları təkrarən oxumaq lazımdır. Ümumiyyətlə, bəzi əsərləri 5-10 ildən bir yenidən oxumaq lazımdır. O cür əsərlərin sayı çoxdur. Məsələn, Tomas Mannın “Doktor Faustus” , Herman Hessenin “Muncuq oyunu”, Robert Müzilin “Xassəsiz insan” əsərlərini misal göstərmək olar. Bu əsərlərin müəyyən illər keçdikdən sonra insana təsiri tamamilə dəyişir.
– Hansı əsəri oxuyub, yenilik kəşf etmisiniz?
– Mən təbiət elmlərindən çap olunan elmi-populiyar ədəbiyyatların oxucusuyam. Son illər daha çox Karl Yaspersin əsərlərini oxuyuram. Fəlsəfənin mahiyyətini kim aça bilib deyə sual versəniz, böyük riyaziyyatçı alim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, “Qərbin müdrikliyi” əsərininin müəllifi Bertran Rasselin adını çəkərdim. Bu əsər çox möhtəşəmdir, böyük mütəfəkkir antik dövrdən başlayır, müasir dövrə qədər bütün fəlsəfi cərəyanları təhlil edib. Təəssüf ki, həmin kitabın dilimizdə tərcüməsi yoxdur.
Əslində, insan oxuduğunu özündə saxlamamalı, bölüşməlidir. Tələbələrlə, geniş auditoriya ilə paylaşmalıdır. Heyrət edirəm ki, sosial şəbəkələrdə buna maraq bir o qədər yoxdur. Düşünürsən ki, gənclərlə görüşdə mütaliə mədəniyyətinin əhəmiyyəti barədə yaxşı diskussiyalar aparmaq mümkündür. Lakin bəzi rektorlar bunun mahiyyətini anlamırlar.
Bizdə bir maraqlı ənənə var, böyük yazıçıların adı gələndə onun yalnız bir ya iki əsərinin adını çəkirlər. Məsələn, Viktor Hüqodan “Səfillər”, Knut Hamsundan “Torpağın bərəkəti”, Balzakdan “Qorio ata” əsəri yada düşür. Amma bir ənənə var, əsl kitabsevərlər onların kitablarının külliyatını toplayırlar. Külliyatların sonuncu cildlərində həmin yazıçıların publisistikası və məqalələri yer alır.
İndiki dövrdə də maraqlı yazıçılar var. Onlar hər adamın kitab rəfində yer almasa da, təbliğatları var. Lakin son vaxtlar klassiklərə doğru meyl müşahidə olunur. Bayağı, yalnız gəlir gətirmək üçün yazılan romanlar sonradan oxucu kütləsini itirir. Məsələn, dedektiv janrı götürək – ötən əsrin 70-90-cı illərinə qədər ən bahalı ədəbiyyat dedektiv idi. İndi isə istənilən yerdə dedektiv ədəbiyyatını 1-2 manata almaq olar, bu janr çox tez süquta uğradı.
Bizdə hələ də Yusif Vəzir Çəmənzəminli sona qədər öyrənilməyib. Böyük maarifçi, böyük filosoflarımızı sona qədər öyrənməmişik. Həmçinin Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi dahilərin əsərlərinin təbliği yaxşı nəslin yetişməsinə səbəb ola bilər. Hələ şərq fəlsəfəsindən danışmıram…
– Təəssüflə qeyd etdiniz ki, insanlar kitab haqqında fikirlərini sosial şəbəkələrdə bölüşmürlər. Sizcə, bu, onların qınanmaq, özünü göstərirmiş kimi görünmək qorxusundan irəli gələ bilərmi?
– Bunu heç nə oxumayan adamlar deyir. Oxumağa qarşı qısqanclıq var. Kimsə hansısa dahi şəxsdən sitat gətirəndə, tez onu dilə gətirirlər. Nəhəng adamların müsahibələrinə baxın, onlar bu sitatları dilə gətirməkdən çəkinmirlər. Əgər böyük yazıçının, elm adamının Nobel nitqindəki məqamlar mənim üçün maraqlıdırsa, düşünürəm ki, sizin üçün də maraq kəsb edə bilər. Bilik bölüşülməlidir. İndi feysbukda xeyli aforizmlər icad edənlərin və öyüd-nəsihət verənlərin sayı durmadan artır.
Nerudanın gözəl bir ifadəsi var: “İnsan olan yerdə mütləq kitab da olmalıdır”. Bilik bir nəfərə məxsus olaraq qalmamalıdır. Böyük yazıçı və şairlərin publisistikasında çox gözəl məqamlara rast gəlirsən, lakin bunun təbliğat auditoriyası yoxdur.
Sosial şəbəkənin özünün fəlsəfəsi var. Kiminsə intellektual paylaşım etməsi özünütəbliğ kimi qələmə verilir. Amma gənc nəsil onlarla tanış olsa, oxusa, mənimsəsə, çox yaxşı olar. Gənclərin böyük şair Rabindranat Taqorla böyük fizik Enşteynin dialoqunu oxumasının nəyi pisdir? Görün, bunun tərcüməsi nə qədər vaxt tələb edir?… Əgər elə qiymətləndirilirsə, yazıçının özü bir yana, bunu paylaşanın zəhmətinə hörmətsizlikdir. Oxumursansa, oxuma. Amma ağız büzmək savadsızlıq əlamətidir.
Mən sizin sayt vasitəsilə demək istəyirəm: kim nəyi oxuyursa, paylaşsın. Azərbaycanın xaricdə çox böyük alimləri var. Onların paylaşımlarının nə ziyanı ola bilər? Düşünürəm ki, bunu hamı etməlidir.
– Hansı əsərlərin tərcüməsini vacib görürsünüz?
– Tərcümə işində çox inkişaf etmiş ölkələr sırasında Türkiyəni, Rusiyanı göstərmək olar. Dünyada hansısa elmi və ya bədii ədəbiyyat çap olunduqdan 6-7 ay sonra o kitab tərcümə edilib oxucuların ixtiyarına verilir. Bizdəsə bu sahədə çox gecikmələr var. Bizdə bədii ədəbiyyatın tərcüməsinə maraq daha böyükdür. Tərcümələrin əksəriyyəti də yararsızdır.
Tərcüməsi vacib əsərlər yüzlərlədir. Bu gün elmi populyar ədəbiyyatın tərcümə işi genişlənməlidir. Doğrudur, bu, çətin məsələdir, mütəxəssis tələb edir. Amma bədii ədəbiyyatın da tərcüməsində ciddi qüsurlar var. Bir şəxs həm yapon yazıçısı Kenzaburo Oeni tərcümə edir, həm portuqal yazıçısı Joze Saramaqonu, həm də tutalım, alman yazıçısı Tomas Mannın əsərlərini… Hamısını da rus dilindən dilimizə çevirir. Elə bil ki, öhdəlik götürüb.
Azərbaycan Dillər Universitetində müxtəlif dillər üzrə tərcümə fakültələri var. Bəs, onda niyə tərcümələrin 80-90 faizi rus dilindən tərcümələrdir? Hər bir əsərin ruhu öz yazıldığı dildə gizlənir, onu ikinci dildən çevirəndə nə qədər itki baş verir…
Peşəkar rus və türk tərcüməçiləri uzun illər əsərin yazıldığı dil üzərində işləyib tərcümə edirlər, bizdə belə ənənə yox dərəcəsindədir. Bizdə daha çox faydalanmaq əsas götürülür. Oxucunun mənafeyi nəzərə alınmır. Bu, pul qazanmaqdır, tərcümə deyil. Ona görə də gənclər dilləri öyrənməlidirlər ki, onlara gərəkli olan ədəbiyyatları, əsərləri orijinaldan oxusunlar.
– Sizcə, bu gün humanitar ədəbiyyata üstün maraq nədən qaynaqlanır?
– Təbiət elminin alimləri, fundamental elm təmsilçiləri kitab yazmağa, tələbə və müəllimlər üçün vacib olan əsərləri tərcümə etməyə meyl göstərmirlər.
Gərək nəyisə tərcümə edəndə 2 dilin ikisini də yaxşı biləsən, yaxşı redaktorlar da çox azdır. Bu gün təbiət elmləri və fundamental elm sahələrində ədəbiyyatın çapında həddindən artıq böyük boşluq var. Bu, olduqca böyük qüsurdur. Süni intellekt, iqlim dəyişmələri, iqtisadiyyatın, fizikanın, kimyanın, molekulyar biologiyanın populyarlaşdırılması yönümündə çox az tərcümə əsərlərininə rast gəlmək olur. Amma humanitar sahədə, bədii ədəbiyyat sahəsində bu tərcümələr geniş vüsət alıb.
– Sizin fikrinizcə, hansı elmi-populyar ədəbiyyatlar oxucular üçün əhəmiyyətlidir?
– Bioqrafiyalar… Məsələn, fizika, kimya, biologiya, riyaziyyat elmlərini populyarlaşdıran əsərləri oxumaq gənc nəsil üçün çox faydalıdır. Bioqrafiya janrında böyük alimlər haqqında maraqlı kitablar yazılıb. Biliyin çatdırılmasında ləngimək yolverilməzdir. Ləngimənin əsas səbəbi bilik verənin özünün geridə qalmasıdır. Tələbələrə 1980-1990-cı illərdəki mühazirələri oxumaq vaxt keçirmək kimi bir şeydir. O qədər yeni paradiqmalar ortaya çıxıb ki… Bu gün Azərbaycanda belə bir situasiya hakimdir: istənilən kəs 5-6 şeir yazıb, özünə şair deyə bilər. Bunun səbəbi odur ki, ədəbi tənqidçilər yoxdur, hamı təriflə məşğuldur. Bəlkə də bu tendensiya təkcə bizdədir. Bir neçə esse yazan gənclərə çox tez istedadlı gənc deyirik. Onlar bundan sui-istifadə edir, cəmiyyətdə özlərini ərköyün kimi aparırlar. Elm sahələri isə belə deyil. Konkret nəticə ortaya qoyulmalıdır.
– Sizcə, istedadlı gənc kimdir?
– İstedadlı gənc aldığı ali təhsili kənara qoyub, daima öz üzərində çalışmalıdır. İstedad həm də mədəni və tərbiyəli olmağa yol açır. Bir neçə misal çəkim. Knut Hamsun “Aclıq” əsərini 23 yaşında, Tomas Mann “Budenbroklar” əsərini 27 yaşında, Elias Kanetti “Korluq” əsərini 26 yaşında yazıb. Hətta istəyiblər gənc yaşlarında onlara Nobel mükafatı versinlər, amma çox gənc olduqlarını nəzərə alıb bu fikirdən daşınıblar. Buna baxmayaraq, onlar özlərindən müştəbeh olmayıblar. Ömürlərinin sonuna qədər yazıb-yaradıblar. Cəmiyyətdə yerlərini biliblər. Sosial şəbəkədə, baxırsan, özünə yazıçıyam deyir, aliməm deyir, amma elə ifadələr işlədir ki… Yazıçı və alim elə tərbiyəsiz ola bilməz.
Elm insanı formalaşdırır, yaradıcılıq onu bizim təsəvvür etmədiyimiz dərəcədə mədəni insana çevirir. Lakin bu gün başqa situasiya ilə qarşılaşırıq. Yazmısan, yaxşı eləmisən. Kitabını bəyənsəm, alaram, xoşuma gəlməzsə, almaram. Dünyanın böyük yazıçıları Nobel mükafatı fondundan qazandıqları vəsaiti gəncliyə xərcləyiblər. O gəncliyə xərcləyiblər ki, onlar istedadlıdırlar. Bunun müsbət nəticəsi də olub.
Bu gün gənclərin ən çox formalaşdığı yer ali məktəblər olmalıdır. Lakin ali məktəblərdə o mühit yoxdur. Ali məktəblərdə kitabxanalarda diskussiyalar, əsərlərin müzakirəsi keçirilmir.