Əyani təhsil alan tələbələr əmək fəaliyyəti ilə məşğul ola bilərmi?
Son dövrlərdə cəmiyyətdə Ali təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alan tələbələrin əmək fəaliyyəti ilə məşğul olmasının qanunla necə tənzimləndiyi ilə bağlı suallar yaranır. Bunun da əsas səbəbi bəzi işəgötürənlərin əyani təhsilalma formasında təhsil alan tələbələrlə əmək müqaviləsi bağlamaqdan boyun qaçırmasıdır. “İNFONEWS” bu dəfə bu aktual məsələni araşdırıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “İNFONEWS”-un sorğusuna cavab olaraq bildirib ki, “Əmək qanunverciliyində əyani təhsil alan tələbələrin əmək münasibətləri ilə bağlı ayrıca maddə nəzərdə tutulmayıb və onların işləməsinə hər hansı məhdudiyyət qoyulmayıb. 15 yaşdan yuxarı hər bir şəxslə əmək müqaviləsi bağlana bilər.
Əmək Məcəlləsinin 94-cü maddəsində qeyd edilir ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Əyani təhsil alan tələbə ilə əmək müqaviləsi bağlanarkən müqavilədə işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı (natamam iş günü, yaxud natamam iş həftəsi) müəyyən edilə bilər.”
Əlavə olaraq qeyd edək ki, Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində tədris kredit sistemi əsasında təşkil olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na görə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 (hər semestr 20) həftədir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində, təcrübələrdə iştirak etməsi, auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi, imtahanlara hazırlığı və imtahanları verməsi və s. kreditlərin müəyyənləşdirilməsi meyarlarına daxildir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
Qeyd olunanlardan göründüyü kimi, tələbənin gün ərzində 4-5 saat auditoriya dərslərində iştirak etməsi nəzərdə tutulur. Əks təqdirdə tələbə fənlər üzrə zəruri kreditləri qazanmır və onun akademik borcu qalır. Fənlər üzrə akademik borcu qalan tələbə həmin fənləri yenidən dinləməli və onların mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
Bundan əlavə, bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tam, qısaldılmış və natamam iş vaxtı müəyyən edilmişdir. Həmin Məcəlləyə uyğun olaraq:
– tam iş vaxtı – həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
– işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
– əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.