“Doğma musiqimizi təbliğ etməkdən böyük qürur hissi duyuram”
“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Arzu Quliyeva Karamandır.
Milli Konservatoriyanın dosenti Arzu Quliyeva Karaman Azərbaycan mədəniyyətini dünyada tanıdan, təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu günümüzdə də aktuallığını saxlayan zəngin milli musiqi, rəqslərimizin nota köçürülməsi kimi ciddi bir missiyanı üzərinə götürən, çoxsaylı əsərlərin, məqalələrin müəllifidir.
İNFONEWS: – Arzu xanım, Sizinlə yaxından tanış olaq.
Arzu Quliyeva Karaman: – Dünyaya Bakı şəhərində musiqiçi ailəsində göz açmışam. Anam, Südabə xanım 40 ilə yaxın Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı uşaq musiqi məktəbində piano müəlliməsi olub. Atam isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik müəllimdir. Ailəm mənim üçün həmişə örnək, güc aldığım ocaq olub. Atam öz istedadı, biliyi və zəhməti ilə hazırda tutduğu məqama pillə-pillə qalxıb. Belə ki, o, 1980-ci illərdən etibarən Sumqayıt 3 saylı Musiqi məktəbinin, daha sonra Musiqi kollecinin müdiri, eyni zamanda, Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri kafedrasının professoru vəzifələrində çalışıb. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının prorektorudur. O, muğamlarımızın, milli musiqimizin həm nəzəri, həm də ifaçılıq təcrübəsinə dərindən bələd olaraq, tar sənətinin sirlərini bu gunə qədər gənc nəsil musiqiçilərə öyrədir. Onun yetirmələri arasında Kanadadan, Türkiyədən, İrandan gələn musiqiçilər vardır ki, hazırda müxtəlif şəhərlərin dövlət və özəl musiqi məktəblərində fəaliyyət göstərirlər.
İNFONEWS: – Arzu xanım, Bakı, yoxsa Sumqayıt…hansı şəhər Sizə daha doğmadır?
Arzu Quliyeva Karaman: Bakı – dünyaya göz açdığım, ali təhsil aldığım və sənətim üzrə işlədiyim şəhər, Sumqayıt isə böyüyüb boya – başa çatdığım və 2012 – ci ilə qədər yaşadığım şəhərdir. Hər iki şəhər mənə çox doğmadır.
İNFONEWS: – Əlbəttə, musiqiçi ailəsində dünyaya gəlmək bir şansdırsa, ailə ənənələrinə sadiq qalıb, ən gözəl mədəniyyət nümunələrini gələcək nəsillərə çatdırmaq isə əsl ziyalı işidir.
Arzu Quliyeva Karaman: – Pianoya həvəsim daha məktəbə başlamamışdan əvvəl, anamın piano dərslərində iştirak etməyimlə başlayıb. Ümumiyyətlə, uşaqlığımdan bəri bizim evimizdən musiqi sədaları əksik olmayıb. Gözümü günyaya açandan anam və atamın daima evdə musiqi əsərləri səsləndirməsini, tələbələrinə həm müəllim, həm də böyüklük etmələrini görmüşəm. Atam tez-tez bizi Bakıda konsertlərə aparardı. Süleyman Ələsgərov, Vasif Adigözəlov, Tofiq Quliyev və adlarını çəkmədiyim bir çox görkəmli Azərbaycan bəstəkarları ilə görüşlər və maraqlı söhbətlər məndə hər keçən gün musiqiyə olan sevgimi artırırdı. Belə bir mədəni ocaqda tərbiyə alaraq, mən əlbəttə ki, musiqidən, bu camiədən uzaq qala bilməzdim. Hələ Qara Qarayev adına 1 saylı Sumqayıt Uşaq Musiqi Məktəbində oxuduğum illərdə şəhər və respublikada təşkil olunan konsertlər, festival və yarışmalarda böyük həvəs və sevgi ilə iştirak edirdim.
Sumqayıtda orta və musiqi məktəblərində oxuduqdan sonra (Musiqi Məktəbi və Musiqi Kollecindən məzun olduqdan sonra) Bakı Musiqi Akademiyasında 1996-2000, 2000-2002, 2003-2007 illərində fortepiano və musiqi nəzəriyyəsi şöbələrində bakalavr, magistr, doktorantura üzrə təhsilimi davam etdirdim. 2007-ci ildə “Azərbaycan xalq musiqisinin toplanmasında, nota yazılmasında və işlənməsində Səid Rüstəmovun rolu” mövzusunda dissertasiya işimi müdafiə etdim. 2001-ci ildən başlayaraq, Azərbaycan Milli Konservatoriyasının “Xalq musiqisinin nəzəriyyəsi”, “Xalq Çalğı Alətləri” kafedralarında, musiqişünas, konsertmeystr, piyano müəlliməsi işləmişəm. 2010-cu ildən isə Azərbaycan Milli Konservatoriyasının dosentiyəm.
İNFONEWS: – Arzu xanım, həm akademik, həm də yaradıcı fəəaliyyətiniz var.
Arzu Quliyeva Karaman: – Bu illər ərzində çoxlu sayda konsertlər verərək, müxtəlif mövzularda keçirilən Respublika daxili və Beynəlxalq konfrans və simposiyumlarda iştirak etmişəm. Azərbaycan milli musiqisi ilə bağlı tədqiqat işlərimin nəticəsi olan “Azərbaycan Xalq Rəqs Musiqisi” adlı kitabım, müxtəlif fənlər üçün dərs proqramları, bir çox metodik vəsaitlər (“Üzeyir Hacıbəylinin nota yazdiği əmək mahnilarinin lad-məqam xüsusiyyətləri.” / Ali və Orta İxtisas Musiqi Məktəblərinin Müəllim və Tələbələri üçün. Bakı, 2012 və s.) və elmi məqalələrim musiqi və mədəniyyət jurnallarında dərc edilib.
İNFONEWS: – İlk kitabınız necə ərsəyə gəlib? Bu barədə geniş məlumat verərdiniz.
Arzu Quliyeva Karaman: – Xeyli müddət üzərində işlədiyim, birinci ciddi əsərim 2011- ci ildə Bakıda nəşr edilən “Azərbaycan Xalq Rəqs Musiqisi” kitabımdır. Kitabda 60 Azərbaycan rəqs havalarının not yazıları toplanıb. Bu rəqsləri Azərbaycan Milli Konservatoriyasının “İnstrumental Muğam” kafedrasının dosenti, qarmon ifaçısı Aydın Əliyevin çalğısını dinləyərək nota yazmışam. Aydın Əliyev də öz növbəsində mahir qarmon ifaçılarının, tarzənlərin və kamança ustadlarının repertuarından, çalğı texnikasından bəhrələnərək, rəqslərin tələbələrə tədrisi üçün əlverişli olan ifa variantını seçmişdir. Bu kitabı dərs vəsaiti olaraq, “Azərbaycan xalq rəqs musiqisi” fənninin proqramı üzrə tərtib etmişdim. Onu da qeyd edim ki, “Azərbaycan xalq rəqs musiqisi” fənni Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin təşəbbüsü ilə 2008-ci ildən tədris olunmağa başlayıb.
Tarixə nəzərə salaraq qeyd etmək istərdim ki, rəngarəng janrlı rəqslər xalq tərəfindən yaransa da, əsrlərin sınağından keçmiş bu mədəniyyət incilərinin müəyyən qismi unudularaq müasir dövrümüzə gəlib çıxmamışdır. Bütün həyatı və fəaliyyəti boyu Azərbaycanın musiqi və ictimai-siyasi həyatına biganə qalmayan Üzeyir bəy bütün dövrlər üçün aktual olan məsələlərə toxunmuşdur. O, xalq mahnılarının, rəqslərin, ümumiyyətlə, milli musiqi nümunələrimizin unudulmaması üçün onları toplayıb, nota yazaraq məcmuə şəklində dərc olunmasının vacibliyini vurğulamışdır. Belə ki, Azərbaycan Dövlət Konservatoriyasının tərkibində Bülbülün rəhbərliyi ilə Elmi Tədqiqat Musiqi Kabineti yaradılır ki, bura daxil olan bəstəkar və musiqişünaslarımız Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar edərək, çoxlu sayda xalq musiqi nümunələrindən ibarət məcmuələri müxtəlif illərdə nəşr etdirmişlər.
Dahi Üzeyir Hacıbəylinin fikirlərinə hər zaman sadiq qalan Azərbaycan bəstəkarları və musiqişünasları XX əsrin əvvəllərindən başlayaraq, xalq mahnılarını, rəqs havalarını toplayıb nota yazaraq çap etdirmişlər. Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu ənənə bu günümüzdə də davam etdirilir. Bu da çox təqdirəlayiq işdir.
İNFONEWS: – Hazırda Türkiyədə yaşayırsınız…
Arzu Quliyeva Karaman: – Bəli, 2012-ci ildə ailə quraraq, Türkiyənin İstanbul şəhərinə köçdüm. 10 ildir bu tarixi və mədəniyyət xəzinəsi olan gözəl şəhərdə yaşayıram. Artıq mənim həyatımda, qəlbimdə üçüncü doğma şəhər məskunlaşıb. Dilimizin, mədəniyyətimizin, adət-ənənələrimizin, mətbəximizin çox yaxın olduğu Türkiyədə özümü doğma sayıram. Amma bir an belə olsa, Azərbaycanımı, dilimi, musiqimi və mədəniyyətimi unutmuram.
İNFONEWS: – Türkiyədə elmi-yaradıcı fəaliyyətinizə davam edirsinizmi?
Arzu Quliyeva Karaman: – Bu illərdə Azərbaycan musiqisini və Azərbaycan bəstəkarlarının əsərlərini tanıtmaq adına konsertlərin və yarışmaların iştirakçısı oldum. Xüsusilə, İzmir II Ulusal Müzik Sempozyumunda (2014) “Muğam Azərbaycan Musiqisinin Gələnəyi və Müasir Mədəniyyətin İrsidir” mövzusunda çıxışım, İstanbul Teknik Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasındakı müxtəlif illərdə davamlı konsertlərim (2014, 2016-ci illər) və 13-cü Beynəlxalq Pera Piyano Yarışmasının (2018) Konsertmeysterlik kateqoriyasında birinci yer qazanmağımı qeyd edərdim. Bunlarla yanaşı, piano və musiqi nəzəriyyəsi dərslərindən hazırladığım tələbələr hər il çeşidli beynəlxalq səviyyəli imtahanlara, yarışmalara qatılaraq, müəyyən kateqoriyalarda yer qazanırlar. Onların ifa etdikləri proqramlara hər zaman Azərbaycan bəstəkarlarının əsərlərini daxil etməyə çalışmışam. Eləcə də, Türk bəstəkarlarının və musiqişünaslarının əsərləri ilə də tanış oluram, onların yaradıcılıqlarını araşdırıram.
İNFONEWS: – Yeni kitabınızın ərsəyə gəlməsi haqqında danışardınız.
Arzu Quliyeva Karaman: – Türkiyədə yaşadığım 10 il ərzində burada Azərbaycan musiqisinin (daha çox mahnılarımızın- istər bəstəkar, istərsə də xalq mahnılarımızın) sevildiyinin, lakin bir çox hallarda anonim adı ilə səsləndirildiyinin şahidi oldum. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu məqam məni çox üzüntüyə uğradır. Düşünürəm ki, Azərbaycan musiqisinin təbliği üçün ən vacib işlərdən biri milli musiqi nümunələrimizin not yazılarından ibarət olan kitablar nəşr etdirməkdir. Çünki Azərbaycanda olan vəsaitlərin hamısını Türkiyəyə gətirmək mümkün deyil. Bu minvalla mənim 2021-ci ildə, tam 10 il sonra Türkiyədə “Azərbaycan Halk Dansları Müziği (Piyano İçin Düzenlemeler)” adlı kitabım öndə gedən nəşriyyatlardan biri olan Nobel Akademik Yayıncılık tərəfindən nəşr olundu. Kitabın nəşriyyatı prosedurlarında mənə yaxından köməklik göstərən, öz dəyərli təcrübələrini məndən əsirgəməyən Bolu Abant İzzət Baysal Universitetindən Prof. Dr. Uğur Alpagut hocaya dərin təşəkkürümü bildirirəm. Hörmətli professor Uğur Alpagut hoca dəfələrlə Azərbaycanda olmuş, İSME Bakı – 2018 33-cü Beynəlxalq Konfransını təşkil edərək, dünyanın 50-dən çox ölkələrindən (750 alimin iştirak etdiyi konfransda 550 xarici, onlardan 110-u amerikalı idi) olan alimlərin Azərbaycanda toplanmasına nail olmuşdur. İSME-nin tarixində ilk dəfə olaraq, Uğur Alpagut hocanın tələbi üzrə bir Türk mədəniyyəti və incəsənətini əks etdirən çıxışlar oldu. Bu da məhz Azərbaycan Milli Konservatoriyasında həyata keçirildi. Fürsətdən istifadə edib, öz adımdan Azərbaycana və Azərbaycan musiqisinə verdiyi dəyərə gorə Uğur Alpagut hocaya dərin minnətdarlığımı bildirirəm. Onun təşkilatçılığı ilə 2021-ci ilin noyabr ayında Türkiyədə ARİTMİ-IARTSYMP I Beynəlxalq İncəsənət Simpoziyumun iştirakçısı oldum. Həm açılış konsertində “Azərbaycan”, “Bəxtəvəri”, “Cəngi” xalq rəqslərimizi ifa edərək, həm də simpoziyumun proqramında “Azerbaycan Halk Dansları Müziğinin Geçmişten Günümüze Notaya Yazılması Ve Önemi” mövzusunda çıxış edərək dinləyiciləri rəqs musiqimizlə yüksək səviyyədə məlumatlandırmağa çalışdım.
2011-ci ildəki kitabımın davamı olaraq gördüyüm və qiymətləndirdiyim “Azərbaycan Halk Dansları Müziği (Piyano İçin Düzenlemeler)” kitabımda 20 Azərbaycan xalq rəqslərini pianoda daha asan çala bilmək üçün çox çətin olmayan variantda işlədim (belə ki, mən öz tələbələrimə xalq rəqslərimizin melodiyasının gözəlliyini artıq notlarla dərs keçərək aşılaya bilmək imkanını yaratdım). Məqsədim xalq rəqslərimizin tanınması və təbliğidir. Kitabın ön sözündə xalq rəqslərimiz haqqında məlumat vermişəm. Xalq rəqsləri Azərbaycan şifahi-ənənəli musiqisinin yüksək inkişaflı janrlarından biri olaraq, xalq məişətimizin ayrılmaz hissəsidir. Arxeolojik və ədəbi mənbələrdə rəqs sənəti haqqında dəyərli məlumatlar bunu təsdiq edir. Bakı yaxınlığındakı Qobustan qoruğunda qədim rəqslərdən xəbər verən qaya təsvirləri, rəqs fiqurları rəqs sənətinin təxminən 8-10 min il bundan əvvəl mövcud olduğunun göstəricisidir. Xalq mərasimlərini rəqslərsiz təsəvvür etmək olmaz. Kitabımın “Notlar” (Qeydlər) bölməsində kitaba daxil olan rəqslərin hər birinin yaranma tarixi, ifaçıları haqqında məlumat verilir.
2020-ci ildə kitabımın çalışmalarına başladığımda internet səhifələrində çoxlu araşdırmalar apardım. Türkiyədə Azərbaycan xalq rəqsləri ilə bağlı not yazılarını özündə ehtiva edən başqa kitab görmədim. Görsəydim belə, yenə də başladığım işimi davam etdirəcəkdim. Cünki hər musiqişünas-alimin öz dəsti-xətti var. Hər birimiz Azərbaycanımız üçün damla qədər də olsa, bir iş görsək, bu, mədəniyyətimizin qorunması və gələcək nəsillərə çatdırılması deməkdir. Bu baxımdan, “Azerbaycan Halk Dansları Müziği (Piyano İçin Düzenlemeler)” adlı kitabımın önəmli olacağına, musiqicilərin və musiqisevərlərin diqqətini çəkəcəyinə inanıram. Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, milli musiqi incilərimizi tanıtmaq və təbliğ etmək hər bir Azərbaycanlı kimi mənim də borcumdur. Azərbaycan xalq rəqslərinin piano üçün işləmələrindən ibarət olan ikinci kitabım üzərində işləyirəm. Bu işimi gələcəkdə daha irəli səviyyələrdə davam etdirmək fikrindəyəm.
İNFONEWS: – Gələcək üçün planlarınızı bizimlə də paylaşardınız, əgər sirr deyilsə… və kitabınızın Bakıda təqdimatını etmək istərdinizmi?
Arzu Quliyeva Karaman: – 17-18 mayda Türkiyədə “UNESCO Müzik Şehri Kırşehir Uluslararası Müzik Konferansı”na hazırlaşıram. Sevindirici hal odur ki, “Bilim Kurulu”na (Elmi Şuraya) və “Düzenleme Kurulu”na (Təşkilat Şurasına) Türkiyənin və turkdilli ölkələrin professor-müəllim heyətinə məni də daxil ediblər (Qeyd edim ki, Azərbaycandan yalnız 2 alim bu konfransın Elmi Şurasına dəvət almısdir).
İnşallah, doğma Azərbaycanımızda, Bakıda bu və planladığım sonrakı kitablarımın təqdimatını etmək istərdim.
İNFONEWS: – Düşünürük ki, bu qədər işlərin öhdəsindən gəlmək asan deyil, həm də gerçək bir mənəvi dəstək tələb edir.
Arzu Quliyeva Karaman: – Azərbaycan musiqisini ikinci vətənim olan Türkiyədə təbliğ etməkdən böyük qürur hissi duyuram. 2012-ci ildə ailə qurduğum Türk vətəndaşı olan yoldaşım hərbçi Vəli Karaman bu günə qədər gördüyüm işlərdə, həm akademik, həm də yaradıcı fəaliyyətimdə, eləcə də, konsertlərdə, konfranslarda hər zaman mənə dəstəkdir və nailiyyətlərimə sevinir.
İNFONEWS: – Ailənizdə gözəl balanız böyüyür…
Arzu Quliyeva Karaman: – Qızım Leyla Karaman Azərbaycanı çox sevir. Hər il yay tətilində Azərbaycana getməyi səbrsizliklə gözləyir. O da piano çalır, 9 yaşı olmasına baxmayaraq indidən gələcəkdə peşəkar pianoçu olmağı arzulayır. Hər zaman mənim arxamda olan ailəmə, eləcə də, anama və atama öz dərin minnətdarlığımı bildiririəm. Mənim və ailəmin 2 vətənimiz var: Azərbaycan və Türkiyə! Biz Vətənimizlə fəxr edirik!
“İNFONEWS” komandası adından Sizə təşəkkür edir, ailə səadəti gördüyünüz işlərdə uğurlar arzulayırıq.