ABŞ-da koronavirusa yoluxma sayı getdikcə azalmağa başlayıb
“İNFONEWS” xəbər verir.
Amerika Birləşmiş Ştatlarında COVID-19-a yoluxma hallarının sayı azalmağa başlayıb. Koronavirusun “omikron” ştamının sürətlə yayılmasına baxmayaraq, ölüm hallarının sayında da azalma hiss olunur.
ABŞ-da orta hesabla gündəlik 178.705 yeni yoluxma qeydə alınır və bu göstərici iki həftə bundan əvvəlki göstərici ilə müqayisədə 67 faiz azdır. Birləşmiş Ştatların Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin təmsilçilərinin sözlərinə görə, “omikron” variantına yoluxmanın pik həddi artıq keçib.
ABŞ-ın bütün ştatlarının və ərazilərinin hakimiyyət orqanları son 14 gün ərzində yeni yoluxmaların sayının azalmasını bildiriblər. Azalmanın ən yüksək göstəricisi Oklahoma ştatının payına düşür. Burada son iki həftə ərzində 84 faizlik azalma qeydə alınıb. Digər 22 ştat, Virginiya adaları və Puerto-Riko 70 faiz və daha çox azalma barədə xəbər veriblər.
Şənbə günü Nyu-Yorkda yalnız 4232 yoluxma faktı barədə xəbər verib. Halbuki yanvarın 8-də Nyu-Yorkda 90.132 yoluxma qeydə alınıb. Cons Hopkins Universitetinin məlumatına əsasən, pandemiya başlanandan bəri ABŞ-da bütövlükdə 77.715.853 yoluxma və 919.336 ölüm halları qeydə alınıb. Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə, koronavirusla bağlı xəstəxanaya yatırılanların sayı da təqribən 3 faiz azalıb. COVID-19-a yoluxan pasiyentlər üçün 85.534 stasionar çarpayı istifadə olunur ki, bu da bütün ölkə üzrə təqribən 6 min xəstəxanada stasionar çarpayıların 11,25 faizini təşkil edir.