“KHODZJALY: Ooggetuigen vertellen” kitabının tədqimatı olub
Bu gün “İNFONEWS” İnformasiya Agentliyinin təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “Xocalı: Şahidlər danışır” kitabının müəllifi İradə Əlili ilə görüş keçirilib, “KHODZJALY: Ooggetuigen vertellen” kitabının tədqimatı olub.
Tədbirdə Azərbaycan ziyalıları, alim və tarixçiləri, eləcə də universitet tələbələri ilə yanaşı xarici qonaqlar da iştirak ediblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev tədbir öncəsi beynəlxalq qonaqları xüsusi diqqət və qayşı ilə qarşılayaraq, BAMF-ın yaranması və fəaliyyəti ilə yaxından tanış edib. Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövründə yaranmasından bəhs edən Umud Mirzəyev, fondun əsas missiyasının postsovet məkanında münaqişə bölgələrindən həqiqətləri dünyaya çatdırmasını virğulayaraq, buranın xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma bildikləri sülh və dostluq məkanı olmasını söyləyib. Həmçinin U.Mirzəyev bu illər ərzində BAMF-ın beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə sıx əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib.
Tədbir Azərbaycan Respublikasının himni, daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təqdimatın moderatoru “İNFONEWS” İnformasiya Agentliyinin icraçı direktoru Arzu Məmmədqızı XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı barədə, tarixin “Xocalı” kimi ən qorxunc hadisələrini kitablarda yaşadan, həmin dönəmdən bu günədək yazılmış əsərlər haqqında danışıb.
“Xocalı: Şahidlər danışır” kitabının müəllifi yazıçı İradə Əlili Xocalı faciəsinin şahidləri ilə görüşləri, bu faciənin onların həyatında dərin izlər buraxması, əsərin ərsəyə gəlməsində üzərinə düşən ağır yükdən bəhs eləyib.
Tədbir adı keçən əsərin holland dilinə tərcümə edilməsi – “KHODZJALY: Ooggetuigen vertellen” kitabının təqdimatı ilə davam edib. Kitabın tərcüməsi barədə Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Niderland Krallığında fəaliyyət göstərən “Strichting TogetherStrong” Assosiasiyasının təsisçisi İlkanə Qoca geniş məlumat verib. İlkanə Qoca tədbir iştirakçılarına Bakıda dəvətli qonaq olan, xüsusilə kitabın çapını öz üzərinə götürən hollandiyalı yazıçı, naşır Henri van Rens haqqında, onun Azərbaycana sonsuz sevgisindən bəhs edib. İ.Qoca bu gün də xaricdə “Xocalıya ədalət!” çərçivəsində görülən işlərdən, Avropada bu faciənin tanıtımı istiqamətində atılan ciddi addımlardan danışıb.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siy.ü.f.d. Pərviz Səmədov ermənilərin əsrlərlə Türk dünyasına, Azərbaycana qarşı apardıqları yırtıcı, hiyləgər, işğalçı siyasəti haqqında tədbir iştirakçılarına danışıb. II Vətən müharibəsi dönəmində start vermiş UNEC-in 24/7 kitabxanasının “Qarabağ tarixi sənədlərdə” layihəsində erməni saxtakarlığını ifşa edən gerçək faktlardan bəhs edib.
Tədbir “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun ermənilərin etnik təmizləmə siyasəti və Ermənistan tərəfindən işğal edilən Azərbayan ərazilərində xiristianlıq dövrü və xiristianlığa qədər olan tarixi mədəniyyət abidələrini erməni kilsəsi və ya erməni monastrı kimi dünyaya təqdim etməsindən danışıb. Tarixçi alimlərin bu istiqamətdə gördükləri işlərdən bəhs edib.
Sonda BAMF əməkdaşı Fariz Faiqoğlunun hazırladığı “Xocalı soyqırımı” video-çarxı nümayiş edilib. “İNFONEWS” İnformasiya Agentliyinin baş redaktoru Orxan Vəliyev “Xocalı: Şahidlər danışır” kitabı və “KHODZJALY: Ooggetuigen vertellen” kitabın holland dilindəki variantı saytda açıq e-resurs kimi veriləcəyi və hər kəs üçün yükləmə imkanı yaradılacağını söyləyib.