“Xalqımızın başına gətirilən hadisələri bu dəfə xarici yazarlar qələmə alacaq”
Bu sözləri Niderland Krallığında yaşayan azərbaycanlı psixoterapevt, Nideraland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, orada aktiv fəaliyyət göstərən “Strichting TogetherStrong” Assosiasiyasının təsisçisi, Şəhid Teymur Qoca oğlu Yusifovun bacısı İlkanə Qoca “Medianews.az” – a verdiyi müsahibəsində söyləyib.
“İNFONEWS” İlkanə Qocanın müsahibəsini təqdim edir:
- Hollandiyada Azərbaycanı təmsil edirsiniz. Vətənin maraqlarını, mənəvi dəyərlərini təbliğ etmək baxımından nə işlər görürsüz?
Uzun müddətdir ki, Hollandiyada yaşayıram. Həyat yoldaşım da bu ölkənin vətəndaşıdır, düşünün ki o, Azərbaycan plovu bişirir, evimi Azərbaycan bayrağı bəzəyir. Övladlarım azərbaycan dilində danışır. Bunun özü də diaspora fəaliyyəti, təbliğat deyilmi?
- Hollandlar Azərbaycanla nə qədər tanışdırlar və Qarabağ hadisələri ilə bağlı nələri bilirlər?
Hollandlar başqa mədəniyyətlər haqqında maraqlanmağı sevirlər. Sadəcə olaraq ölkələr arasında baş verən intriqaları, problemləri müzakirə etməyi, dinləməyi sevmirlər. Çox gərgin iş həyatı yaşayırlar, bunun üçün əylənməyi, sakit həyat yaşamağı üstün tuturlar.
Ancaq bütün bunlara baxmayaraq mən hər dəfə harda olmağımdan asılı olmayaraq onları məlumatlandırır, Azərbaycanın harda olduğunu, göstərirəm. Artıq tək mən deyil, yoldaşım da Azərbaycanın həqiqətlərini çevrəsindəki insanlara danışır. Mənim uşaqlarım da bu haqda yetəri qədər məlumata sahibdirlər, onlar da Azərbaycanı, Qarabağı çox sevirlər.
- Ağdamdan neçə yaşında çıxmısınız, o günləri necə xatırlayırsınız?
Ağdamdan sonuncu dəfə çıxanda 19 yaşım var idi. 1993-cü ilin 15 iyulunda atamgil gecə dedi ki, vəziyyət əvvəlki kimi deyil, getdikcə daha çox atırlar. Uşaqları burdan uzaqlaşdıraq, o zaman etiraz etdim, dedim ki, mən qalıram, getməyəcəm. Atışma başlayanda bizi əmimgilin padvalında gizlədirdilər. Kişilər çöldə danışırdılar ki, hücum olsa qadınları göndərək. Özümüz də düşmən əlinə keçməyək, bəd ayaqda özümüzü öldürərik. Səhər durduq dedilər ki, siz gedirsiniz… Yığışıb yola düşdük, son dəfə çevrilib evimizə baxdım.
Həyətimizdə rəngli çiçəklər vardı. Sarmaşıq çiçəyimizi hələ də unutmamışam, həmin gün elə gözəl çiçək açmışdı ki… Sanki onunla son günümüzün olduğunu bilirmiş kimi. Həyətimizdə məxmər güllər əkmişdik. Güllər çardağımızın üstünü örtməyə başlamışdı. Sanki güllər də bizə sağ ol deyirdi. Armud, heyva, nar ağaclarımız dolu idi. Güllərimizin ətri çox gözəl gəlirdi. Hələ də bu gün də hara gedirəmsə həmin qoxunu axtarıram, bəlkə o həyətimizdəki o son qoxunu tapa bildim deyə. Sanki evimiz də ağlayırdı. Orda bir parçamı qoyub getdim…
- Yad məmləkətdə Ağdamı necə xatırlayırdınız? Ən çox nələr yadınıza düşürdü?
Ağdamda 6 nömrəli məktəbdə təhsil almışam. Evimiz Ağdamın şəhərə birləşən Seyidli kəndində yerləşirdi.
Məktəbimizi, müəlllimlərimizi xatırlayıram. Natavan qızlar klubuna xora gedirdik. Bəzən də teatr evinə gedir, xorda oxuyurduq.
- 30 ildən sonra Ağdama bir də getdiniz, evinizi necə tapdınız?
Düşünürdüm ki, Ağdamın yaralı qəlbini oxşamağa gedəcəm, Ağdamdan üzr istəyəcəm. Onu tənha, tək qoyduğum, onu qoruya bilmədiyim üçün bağışlanmağımı istəyəcəm. Amma…
Sinif yoldaşım Nahid Məmmədovla birgə Ağdama getmişdik. Dəhşət idi… Köhnə dədə-baba torpağımızdan heç nə qalmayıb. Hansı ki, Ağdam mənim uşaqlığım idi. Bizim məhəllədə evləri tanımaq mümkün deyil.
Ağdama çatanda bizi saxlayıb, vəsiqələri yoxlayırdılar. Yoxlanışda maşından düşüb, ayağımı torpağa qoydum. 30 il əvvəl Bakıda Ağdamın işğal olunması xəbərini eşidəndə, sanki nəyisə itirmişdim. Ayağımı torpağa qoyanda sanki itirdiyimi tapmışdım. Ayağımın altından istilik gəldi, sanki təzə bir don geyindim, dərim yeniləndi sanki. Nahidə dedim ki, biz evdəyik, xəbərin var? Telefonumu çıxarıb özümü çəkmək istəyirəm ki, polis yaxınlaşıb dedi ki, “çəkmək olmaz” qayıtdım ki, “Qaqa, Ağdamdayıq e”. O da qayıtdı ki, “qurban olaram, amma çəkə bilməzsən”.
Evimizi axtarmaq üçün Uşaq xəstəxanasına gəldik, Hacı əminin aptekinin yanına gəlib apteki axtarırdım. Hər yeri kol basmışdı, keçmək olmur. Çox dəhşətli idi. Evimizdən heç nə yox idi.
- Dediniz ki, Ağdamda uşaqlığınızı qoyub getmisiniz. O uşağı Ağdamda tapdınızmı?
Ağdamın işğal oldunduğunu eşitdiyim gündən etibarən 30 il müddətində dissosiasiya ömrü yaşadım. Torpağımız işğal olunandan bir il sonra qardaşım könüllü surətdə döyüşə getdi. 1993-cü ilin dekabrında aprel ayında itkin düşdü, o könüllü surətdə müharibəyə gedəndə 18 yaşı təzə tamam olmuşdu.
- Dissosiasiya yaşadığınızı qeyd etdiniz. Bu necə bir şeydir?
Yəni insan travmaya girir və hiss etməmək üçün əlindən gələni edir, təbiiliyini itirir. İnsan harasa gedəndə darıxır, o darıxdığı yerə gedə bilməyəndə dissosiasiya olur. 30 ildə nəyisə axtara-axtara gedirdim. Özümü puzzle kimi hiss edirdim. Sanki hər parçamı bir yerdə tapırdım, parçalarımı toplaya-toplaya gedirdim. Yaşadığımız dəhşətli hadisəni getdiyim hər ölkədə danışırdım. Böyük layihələr edirdim. Unutmğa çalışırdım, amma bacarmırdım.
- Hollandiyada, qürbət eldə bu 30 ildə nələr yaşadınız? Vətən üçün darıxırdınızmı?
Bu 30 ildə heç zaman Ağdamı unutmamışam. 2002 ci ildə Almaniyaya oxumağa getdim. Ondan sonra Azərbaycanda çox tələb olunan işçilərdən biri idim. O zamandan sonra məcburi köçkünlərlə çalışmağa başladım. Çünki mən özüm də o dönəmi keçmişdim. Qaçqınlara təlimlər keçməyə başladım. Özüm evsiz qalmışdım, torpağımı əlimdən almışdılar, amma qaçqınlara özgüvən yaradırdım. Təlimlərdə bunu izah edirdim.
Yəni deməyim odur ki, çalışdığım hər işdə torpağımı, insnalarımı axtardım. Harda olsam da Ağdamı unutmadım.
İlkanə xanım müsahibənin sonunda xarici jurnalistlərin Azərbaycana, xüsusən də Qarabağa səfər edəcəyini, onların Xocalı şahidləri ilə görüşləri barədə bildirərək, xalqımızın başına gətirilən hadisələri bu dəfə məhz xarici yazarların qələmə alacağını vurğulayıb.