Ukraynadakı Səfirliyimizdə arayışı 200-300 dollara satırlar?
“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək”, “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Arayışların baha olmasını raket atəşi altında işlədikləri səbəbi ilə izah edirlər”
Bunu azərbaycanlı baş redaktor Ramiz Mikayılov YouTube platforması üzərindən yayınladığı müəllif verilişində deyib.
Ramiz Mikayılov Polşa və Moldovadakı səfirlərin Ukraynadan gedən soydaşlarımızı qəbul etdiyini vurğulayaraq, onların Azərbaycana dönüşünə köməklik göstərdiyini söyləyib.
Həmşinin soydaşlarımızın Ukraynadakı Azərbaycan səfirliyinin 20 işçisindən, heç olmazsa, biri ilə əlaqə yarada bilməməsi səbəbinə belə aydınlıq gətirib: “Mən bilirəm ki, Elmira Axundova Ramiz Mehdiyevin, Elmar Məmmədyarovun kadrıdır. Yalan danışıb dövlətimizi aldatmaq lazım deyil. Orada rüşvət baş alıb gedir. Elmira Axundovanı Prezidentin 3 gün axtarıb tapa bilmədiyi Elmar Məmmədyarov təyin edib. Elmira Axundova onun kadrıdır”.
Ukraynada yaşayan soydaşlarımızın Azərbaycan səfirliyinin fəaliyyətindən kəskin şəkildə narazı olmalarını qeyd edən Ramiz Mikayılov: “Mənə bu barədə Kiyevdəki soydaşlarımızdan məlumat daxil oldu. Onlar Azərbaycanın Ukraynadakı səfirliyindən şikayətçidirlər. O gün Elmira Axundovadan eşitdim ki, guya səfirlikdə 15-20 adam oturub, iş başındadırlar. Təəssüflər olsun ki, soydaşlarımız ora zəng edir, lakin heç kimlə əlaqə yarada bilmirlər. Orada dəllallar var. Onlar bəlli pul qarşılığında vətənə qayıdış sənədlərini düzəldib, verirlər”- deyə söyləyib.
“Adam utanır deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin”
Bu sözləri isə BBC-yə Ukraynada yaşayan və tikinti biznesi ilə məşğul olan Fərid Abbasov deyib. Onun sözlərinə görə, müharibə başlayandan dərhal sonra 3 uşağı və xanımı ilə birgə Odessanı tərk etmək cəhdi alınmayıb. Çünki körpə övladına səfirlikdən sənəd ala bilməyib.
Fərid Abbasov deyir ki, onlar 8 aylıq uşaqlarına sənəd ala bilmədiklərindən Azərbaycana gedə bilməyiblər: “Biz uşağı götürüb Türkiyəyə, Moldovaya gedə bilirik, amma Azərbaycana gedə bilmirik, çünki Azərbaycan şəkilli sənəd tələb edir. Bu sənədi də ancaq səfirlikdən ala bilərik. Qaydaya görə, sənədlərimizi verməliydik, 1 aydan sonra almalıydıq və 14 gün ərzində də ölkəni tərk etməliydik. Bizim də işlərimiz var, bilmirdim axı, işimi nə vaxt yoluna qoya biləcəm ki, Azərbaycana gedim”.
Fərid Abbasov da Azərbaycanın Ukraynadakı səfirliyi ilə heç cür əlaqə saxlaya bilmədiklərini deyir: “Heç kimə zəng edə bilmirik, ya məşğuldur, ya götürən yoxdur. Dünən Cənubi Koreya səfirliyi ilə əməkdaşlığımız var, mənə zəng edib, nə ilə yardım göstərə bildiklərini təklif elədi ki, onlara təşəkkürümü bildirdim. Adam utanır deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin”.
“Yeni Müsavat”ın əməkdaşı Ramiz Mikayılovun ictimailəşdirdiyi məlumatlara aydınlıq gətirilməsi və Kiyevdəki durumu öyrənmək üçün səfir Elmira Axundova ilə əlaqə saxlamağa çalışıb. Səfir gün ərzində zənglərimizi cavabsız qoyub. Səfirliyin (+38044) 4846946 nömrəsinə etdiyimiz israrlı zənglərə də cavab verən olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 24-dən bəri Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciətlər edərək, onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib.
XİN bildirib ki, ciddi təhlükə ilə üzləşmiş vətəndaşlar Moldova, Polşa və Slovakiyaya gedə bilərlər. Bundan əvvəl isə XİN bildirib ki, Azərbaycan vətəndaşları xüsusi hallar ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və “[email protected]” e-maili, Xarkovdakı fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və “[email protected]” e-maili ilə məlumat əldə edə bilərlər.