“Ən yaxşı ata” foto və videomüsabiqəsi elan edilib
“İNFONEWS” xəbər verir.
“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Əhali Fondu tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində “Ən yaxşı ata” foto və videomüsabiqəsi keçirilir.
Müsabiqədə iştirak etmək istəyən atalar övladları ilə birgə çəkdikləri foto və ya videoları [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqəyə qoşula bilərlər. Bir iştirakçı bir neçə foto və ya video təqdim edə bilər.
Foto və ya videoların son qəbul tarixi martın 30-dəkdir.
Hər bir fotonun həcmi 5 MB, videonun həcmi isə 25 MB-dan artıq olmamalıdır. Fotolar JPG, videolar isə MP4 formatda təqdim edilməlidir.
Təqdim olunan foto və videolar müsabiqənin feysbuk və instaqram səhifələrində paylaşılacaq. Ən çox bəyənmə toplayan 3 foto və ya video qalib elan olunacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqədə 5 yaşadək uşaqlar iştirak edə bilər.
Foto və ya videolar göndərilərkən iştirakçıların (ata və övladı) adı və soyadı, əlaqə nömrəsi, yaşayış və email ünvanları qeyd olunmalıdır.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində həyata keçirilir.