UNEC səhnəsindən Ankarayadək

UNEC səhnəsindən Ankarayadək

 

“İNFONEWS” təqdim edir.

Azərbaycan  milli  teatr sənətinin kökləri ta qədimlərə gedib çıxır. Əsası 1873-cü ilin martın 10-da M.F.Axundovun “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşaları ilə qoyulan Milli Teatrımız bu gün də aktualdır, bu gün də peşəkar aktyor və aktrisalar komandası yetişdirməkdə davam edir. Azərbaycan teatrı zəngin keşmişə, ən gözəl ənənələrə malik olaraq, dünya mədəniyyətində tutduğu özünəməxsus xüsusi yerini bu gün də qorumaqdadır.

Müasir dövrdə, rəqəmsal teatr-televiziya-radio məkanında, yenilənmiş müxtəlif avanqard şou meydanında, qısa zaman içərisində məşhurlaşmağa yol açan sosial şəbəkə üzərindən canlı bağlantılar və s. əsl sənətsevər gənclərin teatra olan həvəsini azaltmayıb.

Bu istiqamətdə atılan ən uğurlu addımlardan biri də təhsil müəssisələrində səhnəciklərin, qısa tamaşaların, eləcə də tam dolğun bir dram əsərinin səhnələşdirilib ifa edilməsinə şəraitin yaradılmasıdır. Bir çox universitetlərdə mədəniyyət, yaradıcılıq mərkəzlərinin yetərincə geniş fəaliyyəti buna misaldır.

Bu gün milli teatr ənənələrini yaşadan, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, bədii estetik zövqünün formalaşması, maarifləndirməsi kimi mühüm məqsəd və vəzifələri öndə tutaraq, öhdəsindən layiqincə gələn Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin tərkibində UNEC Tələbə Teatrı ən gözəl örnəklərdən biridir.

UNEC Yaradıcılıq Mərkəzi yarandığı gündən bir-birindən maraqlı, rəngarəng, kreativ tədbirləri, konsertləri, layihələri ilə ən aktual, həmçinin mütərəqqi ideyaların carçısı olub desək yanılmarıq.

Tələbə Teatrının qısa olsa da, keçdiyi zəngin yaradıcı yol UNEC səhnəsindən başlayaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, həmçinin Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzinədək gedib-çıxır. Universitetin rektoru professor Ədalət Muradovun qayğısı və diqqəti, UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərovun səyi, zəhməti, teatrın quruluşçu rejissoru, GTT -nin aparıcı aktyoru Vahid Orucoğlunun fəaliyyəti, dəstəyi sayəsində Tələbə Teatrının “Əsirlikdə bir gün”, “Xocalı qətliamı”, “Yarımçıq qalmış”, “Arzu və Murad”, “Ünvansız qatar”, “İki cahan”, “Leyli və Məcnun”, “Vicdanın hökmü”, “20 Yanvar tarixi”, “Cümhuriyyətin 100 illiyi” tamaşaları yüksək peşəkarlıqla səhnəyə qoyulub, uğurla nümayiş etdirilib.

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn UNEC- in tədbirlər planı çərçivəsində səhnələşdirilmiş “Nəsimi” tamaşası ölkəmizin Türkiyədəki səfiri, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirakı ilə Ankara teatr səhnəsində oynanılıb.

Böyük fəxarətlə qeyd etməliyik ki, UNEC Tələbə Teatrı öz fəaliyyəti ilə ilklərə imza atıb. Belə ki, UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlunun və “Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənovanın ortaq layihəsi, quruluşçu rejissor Vahid Orucoğlu olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Osmanlı imperiyasının danılmaz rolu, eyni zamanda AXC-nin Paris Sülh Konfransında iştirakı və həmin dönəmdə yaşanan hadisələr, Azərbaycanın müstəqilliyinin de-fakto tanınması məqsədilə aparılan mücadilə barədə bəhs edilən “Cümhuriyyətin 100 illiyi” sənədli tamaşası teart məkanında bir ilkdir. Bu sənədli tamaşa tamaşaçıların, eləcə də ictimaiyyət və universitetin akademik heyətin, ziyalıların böyük marağına səbəb olub.

10 mart Milli Teatr günü münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin rəhbərliyinə və Tələbə Teatrın yaradıcı heytinə gördüyü işlərdə yaradıcılıq uğurları arzulayırıq.

(Arzu Məmmədqızı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir