Gənc boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
“İNFONEWS” xəbər verir.
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. Belə ki, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov on altıdabir final mərhələsi çərçivəsində Yere Niemelainenlə (Finlandiya) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan sloveniyalı Nik Nikolovla üz-üzə gələcək. Bu görüş martın 17-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 39 ölkədən 315 (213 oğlan, 102 qız) boksçunun qatıldığı Avropa birinciliyində 7 idmançı ilə təmsil olunur. Yarış martın 23-dək davam edəcək.
(AZƏRTAC)