Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq konfransa məqalə qəbulu aparılır
“İNFONEWS” xəbər verir.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.
Ədəbiyyat Muzeyindən bildirilib ki, məqalə qəbulu aprelin 15-dək aparılır.
Konfrans “Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi”, “Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi”, “Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi”, “Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri”, “Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri”, “Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı” mövzularını əhatə edir.
Məqalənin tərtib olunması qaydaları və şərtləri Ədəbiyyat Muzeyinin internet səhifəsində verilib. Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Xatırladaq ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans iyunun 14-də keçiriləcək.